Bakıda dövlət əmlakı satın alınıb və "bomj"ların istifadəsinə "verilib" FOTO


Digərləri 24 İyl 2018 21:31:00 269 0

Bakıda dövlət əmlakı satın alınıb və "bomj"ların istifadəsinə "verilib"  FOTO

Nizami rayonu İlham Müzəffəroğlu küçəsində nə vaxtsa uşaq bağçası olub. İki mərtəbəli və geniş həyəti olan bağça sovet dövründən fəaliyyətə başlayıb. 6-7 il öncə isə bağça fəaliyyətini dayandırıb, binası baxımsız qaldığı üçün xarabalığa çevrilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ərazi sakinlərinin verdikləri məlumata görə, bağça sovet dövründə inşa edilib. Və zamanında ərazinin sayılıb-seçilən bağçalarından olub. Ancaq 10 ilə yaxındır ki, bağça ləğv edilib, binası baxımsız vəziyyətdə qalıb.

"Haradasa 10 il əvvələ qədər bağçaya uşaqlar gəlirdi. Sonra bağlandı və baxımsız qaldığı üçün xarabalığa çevrildi. Əvvəllər uşaqlar yığılıb binanın içində oynayırdılar. İndi içi lap bərbad günə qalıb. Uşaqlar da içəri girməyə qorxurlar" - deyir ərazi sakinləri.

Ərazidə yaşayan Samir Əliyevin sözlərinə görə, axşamlar binaya sahibsiz heyvanlar da toplaşır: "2-3 ilə yaxındır ki, burada bir "bomj"lar yaşayır. Hava qaralandan sonra bu küçədən keçmək böyük cəsarət tələb edir. Küçə itləri insanlar üçün təhlükə mənbəyidir".

Sakinlər iddia edirlər ki, böyük bir ərazinin belə xaraba vəziyyətə salınması kiminsə maraqları daxilindədir.

Qeyd edək ki, xarabalığa çevrilmiş bağça binası iki mərtəbəlidir. Binanın dam örtüyü tamamilə sıradan çıxıb. Otaqların bəzisində hələ də bağça dövründən qalma əşyalar var. Otaqların birində isə "bomj"lar yaşayır.

Binanın və həyətinin baxımsız halda olmasına baxmayaraq, nə qədər qəribə olsa da, həyətdəki ağaclar vaxtı-vaxtında budanır, səliqəyə salınır. Sakinlər özləri də, ağaclara kimin baxdığını bilmirlər.