DTX-nin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib


Digərləri 24 İyl 2018 20:17:39 284 0

DTX-nin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bakı. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. DTX-nin ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar. Sonra Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından buraxılış münasibətilə Akademiyanın şəxsi heyətini təbrik edərək xidmətdə uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali tədris ocağını bitirmiş gənc zabitlərin əldə etdikləri xüsusi bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Ali Baş Komandanın sədaqətli və etibarlı əsgərləri olacaqlarına əminliyini bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə gələcək məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. General-leytenant Mədət Quliyev məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələrinin ümummilli lider Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik maraqlarının qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb. Xidmət rəisi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində həyata keçirilən uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycan böyük nüfuz qazanaraq gündən-günə qüdrətlənir. Ancaq dövlətimizin bu inkişafını gözü götürməyən müəyyən qüvvələr tərəfindən bəzən ölkədə ictimai-siyasi sabitliyi və təhlükəsizliyi pozmağa uğursuz və cılız cəhdlər göstərilir. Lakin bunun qarşısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi və müdrik rəhbərliyi ilə hüquq mühafizə orqanlarının yüksək əlaqələndirilmə şəraitində operativ müdaxiləsi nəticəsində çevik və peşəkarlıqla alınır.