Keçmiş polis əməkdaşı, qardaşı və atasına HÖKM OXUNDU


Digərləri 24 İyl 2018 20:00:00 328 0

Keçmiş polis əməkdaşı, qardaşı və atasına HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror çıxışında Fərid Azayevin 12 il 6 ay, qardaşı Faiq Azayevin 7 il 6 ay və ataları İsif Azayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.