Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib FOTO


Digərləri 24 İyl 2018 17:08:00 271 0

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib  FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Son.az-ın məlumatına görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib: "Qurum şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması ilə yanaşı ictimai-siyasi mühitdə baş verən proseslərə adekvat reaksiyası ilə seçilib, medianın cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair tövsiyələr ünvanlayıb. 2018-ci ilin mart ayının 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi. Qurultay Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsinə dair qərar çıxardı. Buna müvafiq olaraq Ali Məclisdə İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibi seçildi. Hesab edirəm ki, ötən müddətdə yeni tərkibdə təmsil olunan həmkarlarımız kifayət qədər məhsuldar fəaliyyət göstərdilər. İstər Mətbuat Şurasının tədbirlərində, keçirdiyi iclaslarda, istərsə də fərdi qaydada fikir və düşüncələrini bölüşməklə vətəndaş cəmiyyəti quruculuğu prosesinə özlərinin layiqli töhfələrini verdilər. Buna görə İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm".

Ə.Amaşov həmçinin Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı: "Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əmin-amanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var. Bu isə cəmiyyət üçün kifayət qədər mühüm mesajdır". MŞ sədri bu mesajın müəllifləri olan KİV-lərə rəhbərlik etdiyi qurumun adından təşəkkürünü bildirib.

Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib: "Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilib. Yubiley ilinin olmamasına baxmayaraq mətbuatımızın 143 illiyi kifayət qədər aktiv qeyd edildi. Müxtəlif nazirliklər, komitələr, idarə, müəssisə və təşkilatlar bununla əlaqədar geniş toplantılar, müsabiqələr təşkil etdilər. Eyni zamanda biz ayrı-ayrı dövlət qurumlarının Milli Mətbuat Günü KİV redaksiyalarına fərdi təbrik nümunələrini də gördük. Bütün bunlar şübhəsiz, medianın cəmiyyətdəki roluna və mövqeyinə verilən böyük qiymət idi. Hesab edirik ki, mətbuatın missiyasına dəyər verən, onu özünə tərəfdaş seçən hər bir dövlət qurumunun fəaliyyəti təqdir olunmalıdır".

MŞ sədri çıxışında müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf dinamikasından da söz açıb, bununla bağlı bəzi müqayisəli məqamlara toxunub. O xatırladıb ki, ötən əsrin 90-cı illərində Azərbaycan ciddi informasiya blokadasında idi: "Dünya ictimaiyyəti 20 Yanvar, Xocalı faciəsi, ümumən Qarabağ münaqişəsi ilə bağlı məlumatları əsasən xarici KİV-lərdən əldə edirdi. Bir çox hallarda xarici KİV-lər Azərbaycanın özü üçün də informasiya mənbəyi rolunda çıxış edirdilər. Bu tendensiya onunla bağlı idi ki, mətbuatımız zəif idi. Hazırda isə mediamız təkcə Azərbaycanla deyil, bütövlükdə regionla bağlı etibarlı istinad mənbəyi rolunda çıxış edir. Belə bir nəticənin əldə edilməsi son dərəcə vacibdir və gəldiyimiz nöqtənin, keçdiyimiz yolun məsuliyyəti hər kəs tərəfindən dərk edilməli, qarşıdakı fəaliyyət üçün baza rolunu oynamalı, mövcud problemlərin aradan qaldırılması əzmini stimullaşdırmalıdır".

Mediaya dövlət dəstəyinin sistemli şəkil aldığını vurğulayan Ə.Amaşov onu da bildirib ki, bu dəstək KİV-lərin müstəqilliklərinin qorunmasına, onların cəmiyyət və dövlət üçün prioritet sayılan istiqamətlərdəki fəaliyyətinin daha da gücləndirilməsinə yönəlib: "Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin timsalında bunu görürük. 2009-cu ildən mövcud olan Fond "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əsasında iş aparmaqdadır. İstər konsepsiyanın qəbulu, istərsə də Fondun həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyevin media ilə bağlı fikir və düşüncələrinin sistemləşdirilmiş, bu gün üçün konseptual əhəmiyyət daşıyan tərkib hissələridir. Ölkə rəhbərliyi hər zaman medianın missiyasına böyük önəm verib, jurnalist əməyini yüksək qiymətləndirib. Dövlət başçısının medianı özünə tərəfdaş kimi təqdim etməsi həm də onun idarəçilik prosesindəki mövqeyinin təsdiqidir".


Xəbərə aid fotolar