Mətbuat Şurasının sədri KİV-lərə təşəkkür edib


Sosial 24 İyl 2018 16:37:35 239 0

Mətbuat Şurasının sədri KİV-lərə təşəkkür edib

Şuranın İdarə Heyətinin növbəti iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib.

Ə.Amaşov həmçinin Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı. Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əminamanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var. Bu isə cəmiyyət üçün kifayət qədər mühüm mesajdır. MŞ sədri bu mesajın müəllifləri olan KİV-lərə rəhbərlik etdiyi qurumun adından təşəkkürünü bildirib.

Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib.

MŞ sədri çıxışında müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf dinamikasından da söz açıb, bununla bağlı bəzi müqayisəli məqamlara toxunub.

Mediaya dövlət dəstəyinin sistemli şəkil aldığını vurğulayan Ə.Amaşov onu da bildirib ki, bu dəstək KİV-lərin müstəqilliklərinin qorunmasına, onların cəmiyyət və dövlət üçün prioritet sayılan istiqamətlərdəki fəaliyyətinin daha da gücləndirilməsinə yönəlib.

Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvlərindən - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, Milli,az saytının rəhbəri Anar İmanov, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Şura sədrinin çıxışında yer alan məqamlarla əlaqədar fikirlərini bölüşüblər. Onlar medianın Gəncə hadisələri, eyni zamanda Mingəçevirdəki enerji qəzası nəticəsində yaranmış durum ilə əlaqədar mövqeyini təqdir ediblər.

Mediaya dövlət dəstəyinin konseptual tərəflərinə toxunan İH üzvləri bildiriblər ki, hazırkı dövrdə bu siyasət heç də yalnız ənənəvi medianın varlığını qoruması mahiyyəti daşımır, bütövlükdə Azərbaycan dövlətinin media ilə əlaqədar baxışlarını özündə birləşdirir. Bu baxışlar isə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda kifayət qədər əhatəli əksini tapıb və sənəddə nəzərdə tutulan digər vəzifələrin reallaşdırılmasına nail olmaq media ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.

İH üzvləri mediaya dövlət dəstəyinin əhəmiyyətsizliyi ilə bağlı səslənən fikirlərə də münasibətlərini açıqlayıblar. Onlar bildiriblər ki, bu fikirləri dövriyyəyə gətirənlərin müəyyən qismi vaxtilə məsələnin əksini iddia edən, prosesi dəstəkləyən şəxslərdir. Belələrinin müəyyən qrup maraqları naminə gedilən yola kölgə salmaq, ümumən Azərbaycanda aparılan media siyasətinə təftişçilik nöqteyi-nəzərdən yanaşmaq, hansısa fərdi narazılıqları geniş etiraz kimi göstərmək cəhdləri yolverilməzdir, səmimilikdən uzaqdır. Azərbaycanda media sahəsində aparılan dövlət siyasətinin alternativsizliyini vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu siyasətin daha zəngin çalarlar əldə etməsi üçün qarşılıqlı əməkdaşlığın, fəaliyyətin daha da gücləndirlməsinin zəruriliyini əsaslandırıblar.