"Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib"


Digərləri 24 İyl 2018 15:53:00 223 0

"Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib"

"Müstəqilliyinin bərpasından ötən 27 ilə yaxın bir dövr ərzində beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib. İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu mənada Fransanı xüsusi olaraq vurğulamaq lazımdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya səfərini Azərbaycan-Fransa, ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır".

Son.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən səfər siyasi, iqtisadi, eləcə də digər sahələrdə mühüm razılaşmaların, müzakirələrin əhəmiyyəti ilə yadda qaldı: "Bu gün Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. Avropa İttifaqı ölkələri, o cümlədən Fransa Azərbaycanla geniş iqtisadi əlaqələrə malikdir. Ölkələrimiz arasında uzun illərə söykənən dayanıqlı ticari münasibətlər mövcuddur. Cənab Prezidentimizin Fransaya səfəri zamanı yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərlərilə görüş nəticəsində  2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Hesab edirəm ki, bu mühüm razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək, ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirəcək".