Deputat: "Fransa şirkətləri ilə imzalanmış sazişlər Azərbaycanın qeyrineft sektorunun inkişafına mühüm töhfə verəcək"


Siyasət 24 İyl 2018 11:38:00 334 0

Deputat: "Fransa şirkətləri ilə imzalanmış sazişlər Azərbaycanın qeyrineft sektorunun inkişafına mühüm töhfə verəcək"

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri və keçirilən çoxsaylı görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, xüsusən səfər çərçivəsində Fransanın qeyri-neft sektorunda çalışan iri şirkət rəhbərlərinin Prezident İlhan Əliyevlə görüşdə fəallıq göstərmələri Azərbaycanın qeyri-neft sekoruna böyük marağın olmasının göstəricisidir:

"Eyni zamanda bu onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və investisiya qoyuluşu üçün sabit və güvənli ölkə kimi qəbul olunur. Səfər çərçivəsində həmin şirkətlərlə imzalanmış dəyəri iki milyard dollardan artıq olan razılaşmalar, əlbəttə ki, Azərbaycana investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər Azərbaycanda yeni iş yerlərinin açılmasına, ümumdaxili məhsulun artmasına, əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək".

Deputat vurğulayıb ki, Fransa şirkətlərinin Azərbaycana bu qədər maraq göstərməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin nəticəsidir: "Birincisi, bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, əlverişli biznes mühiti yaradılıb. Eyni zamanda, Azərbaycanın dünya üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP və TANAP qaz boru kəmərləri kimi iri layihələr həyata keçirməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda çalışan şirkətlər də Azərbaycana investisiya qoymağa maraq göstərirlər".

Onun fikrincə, iqtisadi sahədə əməkdaşlığın genişlənməsi, əlbəttə ki, Azərbaycanla Fransa arasında mədəni, sosial və digər sahələrdə də münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.