"Onu həm ana, həm də aktrisa kimi çox istəyirdim" Ailəsi və sənət dostları tanınmış aktrisanı göz yaşları içində xatırladı VİDEO FOTO


Kriminal 24 İyl 2018 00:05:00 598 0

"Onu həm ana, həm də aktrisa kimi çox istəyirdim"  Ailəsi və sənət dostları tanınmış aktrisanı göz yaşları içində xatırladı  VİDEO  FOTO

Bu gün əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası Gülnar Salmanovanın doğum günüdür. Aktrisa yaşasaydı, 62 yaşını səhnədə sevənləri ilə, sənət dostları ilə birgə keçirəcəkdi. Heç kim onun ölümünü gözləmədiyi bir anda dünyasını dəyişdi Gülnar Salmanova. Həyatsevər, gülüşlə yaşayan sənətkar artıq 3 ildir ki, sevənlərini, sənət yoldaşlarını, ən əsası isə ailəsini gözüyaşlı qoyub. Sənət dostları və ailəsi sənətkarı ad günündə də tək qoymayıb, Son.az-a onunla bağlı xatirələrini bölüşdülər. Xalq artisti Firəngiz Mütəllimova aktrisa ilə tanışlığını bu cür xatırlayır:

"Baxmayaraq ki, Gülnar bizdən yaşca böyük idi, amma eyni illərdə universitetdə oxumuşuq. Mən Dram və kino aktyoru, o isə musiqili komediya aktyoru fakültəsində oxuyurdu. Həmişə onu gülərüz, mehriban bir qız kimi tanıyırdım. O vaxtı universitetimizin rəqs ansamblı var idi, biz birlikdə orda rəqs də edirdik. Həmişə mənimlə mehriban olub. Sonra elə oldu ki, bizim yollarımız ayrıldı. O, Musiqili teatra, mən isə Akademik Milli Dram Teatrına getdim. Amma buna baxmayaraq biz tez-tez görüşürdük. Hətta Aslan Qəhrəmanovun "Səni axtarıram" televiziya tamaşasına çəkiləndən sonra orda "Bağışla" adlı ikinci hissə oldu. Orda Elçinin yəni Yaşar Nurinin katibəsi var idi, adı da Gülnar. Onun bu televiziya tamaşasında "Elçin müəllim, çay içirsiniz?" sözü dillər əzbəri olmuşdu. Gülnar "Feliçita" televiziya tamaşasından sonra daha da məşhurlaşdı. O zaman oğlu Elçin balaca idi. Hər şey mənim yadımdadır. Mən Gülnarı həmişə deyib-gülən, yaxşı dost, səmimi insan kimi xatırlayıram. Hətta son vaxtlar onu xəstə yatağında görüb çox pis olmuşdum, bir müddət özümə gələ bilmirdim. Kaş Gülnar bu gün həyatda olaydı. Amma çox təəssüflər olsun ki, bu, bizdən asılı deyil.

Aktrisa ilə "Feliçita" televiziya tamaşasında tərəf müqabili olan aktyor həmkarı Ağaxan Salmanlı isə bunları bildirib:

""Feliçita" səhnələrinin maraqlı və önəmli tarixi var. Bu səhnələrdə aktyorlar mən, Ofeliya Məmmədzadə və Gülnar Salmanova idi. Biz Gülnar xanımla çəkilişlərdə görüşürdük, deyim ki, möhkəm dostluq əlaqələrimiz də yox idi. Sadəcə, rejisor tərəfindən müxtəlif teatrlardan seçilmiş tərəf müqabilləri idik. Bir-birimizə hörmətlə yanaşırdıq, çalışırdıq ki, oynanılan mövzunu dolğun və maraqlı ifa edək. Gülnar xanımı xəstə vəziyyətində ziyarət edə bilmədim, çünki bir vaxtlar qıvraq gördüyüm insanları əyilmiş görəndə özümü hədsiz dərəcədə pis hiss edirəm və bu da həmin insana dərin psixoloji təsir edir. Allah Gülnara rəhmət etsin, qəbri nurla dolsun. Nə xoş ki, o, bizim xatirəmizdə yaxşı qalıb". Aktrisa ilə uzun illər birgə teatrda çalışan, yaxın sənət dostu Nahidə Orucova isə Gülnar Salmanovanın obrazlarının özünəməxsusluğundan danışıb:

"Gülnar xanım haqda keçmişdə danışmaq çox ağırdır. Çünki hər dəfə teatra daxil olanda onun nəfəsi duyulur. Otağının yanından keçəndə onu xatırlayıram, ümumiyyətlə, Gülnar xanımın yoxluğunu biz hələ də qəbul etməmişik. Tale ona iki ömür bəxş etmişdi, biri hər zaman oynadığı tamaşalarda xoşbəxt qadın, digəri isə həyatın bütün çətin, ağır günlərini görmüş bir insan. Çox heyiflər olsun ki, o cür aktyorlarımızı itiririk, itirə-itirə gedirik. Sütunlarımız gedib, biz əyilə-əyilə qalmışıq. Bizim teatrımızdan elə sütunlar gedib ki, biz laxlayırıq. O, oynadığı bütün obrazlarına möhür vurmuşdu. Gülnar Salmanovanın obrazlarını onun qədər gözəl oynayan və tamaşaçılara sevdirən ikinci bir şəxs heç vaxt olmayacaq. Allah onun oğlu Elçinə və nəvələrinə gözəl ömür nəsib etsin".