"Mən balaca bir toxumam, günəşim olsanız, sağlam böyüyərəm..."


Digərləri 23 İyl 2018 23:12:00 466 0

"Mən balaca bir toxumam, günəşim olsanız, sağlam böyüyərəm..."

Psixoloqlar deyir ki, onları olduqları kimi qəbul etməli, sevməli və öz dünyalarında xoşbəxt etməliyik 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Mən autizmli uşağam. Dünyanı digər həmyaşıdlarımdan fərqli dərk edirəm. Bəzən həyat mənim üçün çox çətin olur. Qorxmuram... Erkən müdaxilə və təhsillə həyatıma davam edə bilər və öz qərarlarımı verə bilərəm. Mən balaca bir toxumam, günəşim olsanız, sağlam böyüyərəm".

Hər boy atmağa hazır toxum kimi sağlam böyümək arzusu olan autizmli uşağın bu söylədiklərinə laqeyd yanaşmaq olmur. Bəs, bu balaca toxumun böyüməsi üçün ona əl uzatmaq keçirmi ağlınızdan? Düşünün, bu balacanın söylədiklərinə hay verib, ona gözəl həyat qazandırmış olarıq. Onları cəmiyyətə qazandırmaq, işığı olmaq borcumuzdur. Bu fərqli yolda ən böyük günəş isə anadır. Elə, Səbinə kimi...   "Əlimi çiyninə qoydum ki, özünü tək hiss etməsin"   Autizmli övladı olan Səbinə öz səbri və sevgisi ilə oğlunun fərqli dünyasını gözəlləşdirib: "Nə həkiməm, nə də psixoloq. Anayam... Ana olaraq deyə bilərəm ki, siz xəstə yox, fərqli övlada sahibsiniz. Səbr və sevgi ilə bu fərqlilikdən möhtəşəmlik yarada bilərsiniz. Məsələn, ticarət mərkəzində pilləkənlərin başında saatlar keçirdiyimi unutmuram. Həmin vaxt oğlumu pilləkəndən ayırıb, "tələsirəm, gedək" desəydim, özünü yerə çırpıb, dayanmadan ağlayardı. Məncə, bu halda ağlaması normaldır. Çünki övladınız öz dünyasında bir şeyə fokuslanıb rahatlamışkən, niyə o rahatlığı "tələsirəm" deyə əlindən alım? Siz tələsdiyiniz üçün onu öz dünyasından çıxarırsınız. Mən tələsmədim, bəzən əlimi də çiyninə qoydum ki, özünü tək hiss etməsin. Əgər uşağınız qışqırıb ağlayırsa, səbr edin və səbəbini tapıb, hərəkət edin. Sizi bilmədiyiniz dünyaya və ya dilini bilmədiyiniz ölkəyə buraxsalar, reaksiyanız necə olardı? Autizmli uşaqlar da məhz belədir. Onları öz dünyalarında xoşbəxt edə bilərik".

Əsrin ən geniş yayılmış sindiromlarından olan autizm haqqında ilk dəfə amerikalı alim Leo Kanner 1947-ci ildə məlumat verib. Ölkəmizdə isə təxminən 2000-ci ildən uşaqlarda autizm sindromu diaqnozu qoyulur. Bəs bu uşaqlar həmyaşıdlarından nə ilə fərqlənirlər? Valideyn övladının autist olduğunu necə müəyyən edə bilər?    "Adaptasiya problemi olan bütün uşaqlar autist deyil"   Psixoloq Murad İsayevdeyir ki, cəmiyyətin ən böyük problemi autizmi xəstəlik kimi qiymətləndirməsidir: "Son 10 ilə qədər əsasən rus mütəxəssisləri tərəfindən autizmə xəstəlik kimi baxılırdı. Onlar autizmi şizofreniyanın bir növü kimi qiymətləndirirdi. Amma qərbdən gələn araşdırmalar göstərdi ki, əslində autizm sindiromdur. Yəni bu, şəxsiyyət, insan növüdür. Onları xəstəlik kimi qiymətləndirmək düzgün deyil. Çünki xəstəlik olması üçün onun hansısa başlama və inkişaf müddəti olmalıdır. Belə insanlar dünyaya digər uşaqlar kimi gəlirlər və müəyyən yaş dövründən sonra artıq onların davranış və görüntülərində müəyyən fərqliliklər yaranır".

Psixoloqun sözlərinə görə, bu sindiromu 2-3 yaşdan sonra müəyyən etmək olur: "Bəzən valideynlər internetdə müəyyən informasiyaları oxuyur, uşaqlarının hərəkətlərində fərqlilik müşahidə edir və internetdən aldığı bilgilərə əsasən, övladlarının autizmli olduğu qərarına gəlirlər. Autizm diaqnozunu qoymaq üçün psixoloq və uşaq psixiatrı ilə paralel şəkildə bir müddət müşahidə aparılmalıdır. Məhz bundan sonra müşahidələr ortaq nöqtədə birləşdirilib, diaqnoz qoyulmalıdır. Hansısa qorxu faktoru və adaptasiya problemi olan bütün uşaqlar autist deyillər. Valideynlər və hətta bəzi mütəxəssislər buna autizm sindiromu diaqnozu qoyur, amma terapiya əsnasında baxırıq ki, bu, autizm deyil".   "Onlar bizə oxşamaq məcburiyyətində deyil"   Autist uşaqların davranışları haqqında məlumat verən psixoloq deyir ki, "Autizm" termini müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektrli vəziyyətləri özündə birləşdirsə də, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur: Başqalarına qarşı maraqsızdır, göz təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət ərzində eyni mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır, predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, davamlı olaraq eyni oyunları oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən artıq həssas və ya həddindən artıq laqeyddir, tək qalmağı seçir, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır".