"TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib"


Digərləri 23 İyl 2018 19:20:00 292 0

"TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib"

Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafında, xüsusilə də Bolqarıstanın qazla təchizatında "Cənub Qaz Dəhlizi" layihəsinin rolu və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Energetika naziri layihənin üzvü kimi Bolqarıstanın mövqeyini və Məşvərət Şurasının iclaslarında mütəmadi iştirakını yüksək qiymətləndirib.

"Şahdəniz Mərhələ 2", "Cənubi Qafqaz Boru Kəməri" və TANAP layihələrinin uğurla reallaşdırıldığını və Trans-Adriatik (TAP) Boru Kəməri üzrə işlərin 75 faiz icra olunduğunu qeyd edən nazir Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) icra vəziyyəti ilə maraqlanıb.

Energetika naziri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı və "Şahdəniz-2" qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolunun təmin ediləcəyini bildirib.