Bakıda evə basqın etməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib


Sosial 23 İyl 2018 15:54:12 267 0

Bakıda evə basqın etməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib

Bakıda evə basqın etməkdə təqsirləndirilən Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanım Ağayevanı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

Onlar istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.