Rob Sobhani: Prezident İlham Əliyevin Fransaya səfəri zamanı imzalanmış sazişlər Azərbaycanın biznesə açıq ölkə olduğunu göstərir


Digərləri 23 İyl 2018 14:23:04 250 0

Rob Sobhani: Prezident İlham Əliyevin Fransaya səfəri zamanı imzalanmış sazişlər Azərbaycanın biznesə açıq ölkə olduğunu göstərir

Prezident İlham Əliyevin Fransaya səfəri zamanı imzalanmış sazişlər Azərbaycanın biznesə açıq ölkə olduğunu göstərir.

Bakı. Ləman Zeynalova - Prezident İlham Əliyevin Fransaya səfəri zamanı imzalanmış sazişlər Azərbaycanın biznesə açıq ölkə olduğunu göstərir. Bunu Trend-ə “Caspian Group Holdings”in (ABŞ) baş direktoru Rob Sobhani deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının ən mühüm aspekti sabitlik və xarici investisiyaların qorunmasının təmin edilməsidir. R.Sobhani bildirib ki, Fransa şirkətlərindən texnologiya və nou-hauların alınması Azərbaycanın uzunmüddətli iqtisadi artımı üçün vacibdir: "İri xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına istənilən investisiyası ölkə xalqının xeyrinədir. Birincisi, bu, Azərbaycan vətəndaşları üçün yeni iş yerlərinin yaradılmasına imkan verir. Məsələn, Fransa şirkəti Azərbaycanda fəaliyyətini genişləndirərkən yerli heyətin işə cəlb edilməsi zərurəri yaranır ki, bu da ölkə iqtisadiyyatına faydalıdır. İkincisi, Azərbaycanın neft-qaz sektoruna investisiyalar ya Dövlət Neft Fonduna sərmayə qoymağa, ya da yerli kiçik və orta biznes üçün kreditlərin həcmini artırmağa imkan verir". O əlavə edib ki, SUEZ kimi Fransa şirkətlərinin Azərbaycanın ekologiya sektoruna istənilən investisiyası ölkə vətəndaşlarının sağlamlığına xeyirdir: "Fransa şirkətlərinin daha yaxşı su təchizatı sisteminin yaradılmasında, təsərrüfatların təmiz su ilə təminatında, elektrik enerjisi istehsalı üçün sudan istifadədə təcrübələri də Azərbaycan vətəndaşlarına səmərə verə bilər". R.Sobhani qeyd edib ki, bu yaxınlarda BP-nin SOCAR-la hasilatın bölgüsü haqqında sazişinin müddətini uzatması iri xarici şirkətlərin Azərbaycana etimadını göstərir: "Bundan başqa, qloballaşma prosesində digər ölkələrin qarşılaşdığı problemlər Azərbaycandan yan ötür ki, bu da ölkəni investisiya yatırılması baxımından ideal məkan edir. Və nəhayət, xarici investorlar bir sıra qonşu ölkələrdən, hətta bir sıra Avropa və Asiya ölkələrindən fərqli olaraq, Azərbaycan tərəfindən hər hansı çətinlik olmadan gəlir əldə edəcəklərinə arxayın ola bilərlər". Holdinqin baş direktoru vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya ölkənin biznesə açıq olduğunu aydın şəkildə bəyan edir. Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolundan da danışan R.Sobhani deyib ki, Fransa Prezidenti Emmanuel Makron xarici siyasətə böyük diqqət ayırır və aydındır ki, o, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə nizamlanmasında maraqlıdır: "Fransa Prezidentinin ABŞ və Rusiya rəhbərləri ilə yaxşı münasibətlərini nəzərə alaraq, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynaya bilər". R.Sobhani, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanla Fransa arasında humanitar sahədə münasibətlərin inkişafında roluna toxunub. O qeyd edib ki, Mehriban Əliyeva xeyirxah birinci xanımdır: "Azərbaycanda və ABŞ-dakı yerli xeyriyyə təşkilatları Heydər Əliyev Fondundan kömək alıblar. Əlbəttə ki, Fransa zəngin tarixi irsə malik ölkədir və fransızlar bu irslə çox fəxr edirlər. Buna görə də mən əminəm ki, Fransa xalqı Heydər Əliyev Fondunun ölkənin tarixi binalarının bərpası üzrə səylərini alqışlayır. Keçmişi qorumaq gələcək nəsillərə hədiyyə deməkdir və Azərbaycan və Fransa xalqlarının bəxti gətirib ki, Mehriban Əliyeva bəşəriyyətin ümumi irsinin qorunmasına səy göstərir". Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin