Notarius vəzifələrində çalışmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi


Digərləri 23 İyl 2018 10:42:00 268 0

Notarius vəzifələrində çalışmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi

Notarius korpusunun komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir

Bakı. Ədliyyə Nazirliyi notarius vəzifələrində çalışmaq istəyən vətəndaşlar üçün sənəd qəbulu elan edir. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yüksək vətəndaş məmnunluğu doğuran, paytaxtda və bölgələrdə fəaliyyət göstərən "ASAN xidmət" şəbəkəsi genişləndirilərək Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında da yeni mərkəzlərin təsis edilməsi nəzərdə tutulur. "ASAN xidmət" mərkəzlərində notariat sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin 40 faizdən çoxu məhz notariat orqanlarının payına düşür. Ədliyyə Nazirliyi tərəfindən həmin mərkəzlərdə təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan və Yevlax rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən "Notariat haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur. Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2018-ci il avqustun 1-dən etibarən nazirliyin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.