Çökən yol bərpa edildi


Digərləri 23 İyl 2018 10:09:00 336 0

Çökən yol bərpa edildi

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsinin bərpası aparılaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, müvəqqəti alternativ yol artıq sürücülərin istifadəsinə verilib.

Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın 2 mərtəbəli zirzəmisinin mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağı və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb.

Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.