Azərbaycanda həkimlər çoxdur?


Digərləri 23 İyl 2018 03:30:00 352 0

Azərbaycanda həkimlər çoxdur?

Mütəxəssislər düşünür ki, Tibb Universitetinə tələbə qəbulunun azaldılması müsbət nəticə verəcək 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb. Amma bu artma bütün universitetlərdə plan yerlərinin sayının artması demək deyil. Belə ki, Azərbaycan Tibb Universitetində qəbul planı əvvəlki illərlə müqayisədə 26% azalıb. Statistik göstəriciləri bir kənara qoyub, işin əsas tərəfinə nəzər yetirək. Məlumatı ilk eşidən zaman məndə belə bir sual yarandı: "Sağlamlığımızın keşiyində dayananların sayı nə üçün azaldılır?" Verilən bu qərar növbəti mərhələdə səhiyyə sahəsində müsbət, yoxsa mənfi nəticələr doğuracaq? Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənməyə çalışdıq.   Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov bu azalmanın müsbət nəticə verəcəyini deyir: "Bizə sadəcə olaraq plan yerinin azaldılması ilə əlaqədar məktub göndərilib. Başqa heç bir məlumat verilməyib. Düşünürəm ki, universitetə qəbul planının azaldılması yaxşı nəticə verəcək. Çünki hazırda ölkəmizdə çox sayda həkim fəaliyyət göstərir. Yəni digər ölkələrlə müqayisə edəndə, Azərbaycanda hər xəstəyə düşən həkim sayı çoxdur. Ona görə də düşünürəm ki, bu azaldılma həm keyfiyyətli kadr hazırlanmasına, həm də həkimlərin işlə təmin olunmasına gətirib çıxaracaq".    Təhsil eksperti Nadir İsrafilov ali təhsilin istər bakalavriat, istərsə də magistratura və ya rezidentura səviyyələrində ayrı-ayrı tədris ili üzrə tələbə qəbulu planında bir sıra yenilik və dəyişikliklərin aparılmasının labüd bir proses olduğunu düşünür: "Məsələn, elə il olub ki, qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul isə ümumiyyətlə planlaşdırılmayıb və s. Göründüyü kimi, 2018-2019-cu tədris ili də dəyişikliksiz ötüşməyib. Yəni ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planının ötən illə müqayisədə 2303 yer artımı fonunda Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Bu hal hər şeydən əvvəl müəyyən universitetlərdə yeni ixtisasların açılması və plan yerlərinin onlara ayrılması ilə izah olunur". 

Ekspert tibb sahəsi üzrə yerlərin azalmasının birmənalı qarşılanmadığını qeyd edir: "Düzdür, kəskin artımın daha çox bədən tərbiyəsi, ciddi azalmanın isə tibb ixtisası üzrə olması heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. "Bizə həkim lazımdır, yoxsa idman müəllimi?" kimi fikirlər də səsləndirilib. Danılmaz faktdır ki, regionlarda həkimlərə ciddi ehtiyac var. Amma təəssüf ki, tibb ixtisası üzrə universitet məzunlarının heç də böyük əksəriyyəti regionlara getməkdə o qədər də maraqlı deyillər. Paytaxtda və bir-iki böyük şəhərlərimizdə isə xarici həkimlərin əlindən yerli gənclərə yer yoxdur. Televiziyalarımız da gecə-gündüz yalnız onların reklamı ilə məşğuldur".