Dünya və dünya əhlinin tənqidi


Digərləri 22 İyl 2018 20:20:00 226 0

Dünya və dünya əhlinin tənqidi

Quran və rəvayətlərdə dünyanın tənqid edilib axirətin təriflənməsi və dünya əhlinin qınanıb axirət əhlinin də mədh edilməsi, ölümdən sonrakı həyat üçün deyil, dünya həyatı üçündür. Yəni dünya əhlindən məqsəd bu dünyada yaşayanlar və axirət əhlindən məqsəd də ölüb axirət aləminə köçənlər deyil. Dünya əhli də axirət əhli də bu dünyada yaşayanlardır.

Digər bir əhəmiyyətli nöqtə isə dünya sevilməməlidir dediyimiz zaman, məqsəd dünyada olan torpaq, su, ağaclar, səma və.s deyil, əksinə, bunlar Allahın ayələri olduğu üçün sevilməlidir. Bundan əlavə, dünyada məscidlər, müqəddəs məkanlar və Allah dostlarının məqbərələri sevilməlidir.   Son.az maide.az-a istinadən bildirir ki, demək, qınanılan dünya əhlindən məqsəd düşüncələrini, əməllərini və hər şeyə baxışlarını maddi dünyəvi edənlərdir. Məqsədləri yalnız dünyanın ləzzət və nemətlərinə çatıb, axirəti düşünmədən dünyada istədikləri kimi yaşayanlardır. Dünyanı sevən və dünyaya bağlı olan insanların hamısı eyni dərəcədə deyildirlər, aralarında dünyaya olan sevgi baxımından fərqlidirlər. Onlardan bəziləri axirəti tamamilə inkar edib hər şeyi dünya həyatı olaraq görürlər. Onların əsla xilası yoxdur, çünki özləri nicat yolunu inkar ediblər. yəqinə çatmaq kimi fikirləri olmadığı üçün də hidayət olmazlar. Uca Allah onlar haqqında belə buyurur: Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq. ("Furqan" surəsi, ayə 11)   Dünya əhlindən digər bir qrup isə axirəti inkar etmirlər, inanırlar, amma əmələ gəlincə inkar edənlərdən heç bir fərqləri yoxdur. Belə bir imanın praktikada heç bir faydası olmadığı kimi, qalıcı da deyil, suyun çatmadığı ağac kimi quruyacaq. "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" ("Rum" surəsi, ayə 10)   İnsan imanının tələb etdiklərinə əməl etmədikcə zamanla imanını itirəcək və kafirlərin sırasına qoşulacaq. Digər bir qrup isə dünya və axirəti bir-birinə qarışdııb, hər ikisi üçün çalışırlar. Allah bunları bizə belə tanıtdırır: "(Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" ("Tövbə" surəsi, ayə 102)   Bu dünya əhli və dünyanı sevənlərin müqabilində axirət əhli, axirətə inananlarda var. Ayə və hədislər bu qrupu çox tərifləyir. Əlbəttə axirət əhli də eyni səviyyədə deyillər, onlar da öz aralarında fərqli dərəcədədir. Ən üstünləri də dünyanı dəyərsiz sayanlardır. Dünyanın onlar üçün zərrə qədər belə cazibədarlığı yoxdur, sırf Rəblərinin əmrinə itaət etmək üçün dünyada yaşayar və maddi ehtiyaclarını aradan qaldırmağa çalışarlar. Dünyaya baxarlar, amma yalnız Allahın ayələrini, məzhərini və sifətlərinin təcəllisini görmək üçün. Əslində onlar dünyanın harasına baxsalar və hər nə maddi işlə məşğul olsalar belə onda Allahın əzəmətini görərlər.   Bunları demək asandır, amma əməldə buralara çatmaq çətindir. Həqiqətən insanın dünyanı çox dəyərsiz görməsi, ona heç əhəmiyyət verməməsi və yalnız Allahı göstərən bir ayna, əbədi səadətə çatdıran bir vəsilə olaraq qəbul etməsi çox böyük bir işdir. Əlbəttə axirət səadətinə çatmaq istəyənlərdə fərqlidirlər, bəziləri cənnətə gedib dünyada olan ləzzətlərə çatmaq istəyərlər. Bəziləridirsə cənnətə belə diqqət etməzlər. Onlar üçün yeganə səadət Allaha çatmaqdır. Onların xoşbəxtlikdən anladıqları, Allahın yanında olmaq, onun razılığını qazanmaqdır. (Ayətullah Misbah Yəzdi, "Meracdakı sirlər")   Demək, ayə və rəvayətlərin təriflədiyi axirət əhli yaxud tənqid etdiyi dünya əhlindən məqsəd bu iki qrupdur. Qeyd olunduğu kimi bu iki qrup, müxtəlif dərəcələrə malikdir. Bunun üçün də ayə və rəvayətlər bu iki qrupun xüsusiyyətlərini fərqli baxışlardan açıqlayır. Bəzi ayə və hədislərdə bütün xüsusiyyətlər qeyd olunur, bəzilərin də bəzi xüsusiyyətlər. Bəziləri ən xüsusi nəzərə çarpan xüsusiyyəti açıqlayır.   Ayə və rəvayətlərin buyurmuş olduğu dünya əhlinin xüsusiyyətlərindən yalnız birini özündə saxlayan dünya əhlindən sayılar. Merac hədisinin bu hissəsində qeyd olunan dünya əhlinin iyirmi xüsusiyyətindən hamısı deyil, yalnız bir neçəsi bizdə varsa, dünyanı sevənlərdən olmadığımızı zənn etməyək. Çünki dünyanı sevənlər müxtəlif dərəcələrdə olduqları üçün xüsusiyyətləri də müxtəlifdir. Eyni şəkildə ayə və rəvayətlər axirət əhlinin xüsusiyyətlərini sayarkən, hamısını özümüzdə görmədiyimiz zaman, "dünya əhliyik, axirət əhli deyilik" - deyə düşünməyək, çünki axirət əhli də müxtəlif dərcələrdədir.   Quranın bir çox ayəsində dünyanı sevən, onun arxasıyca qaçanlar, kafir və bədbəxt insanlarla eyni qrupa daxil edilib. Əbədi bir əzabın onları gözlədiyi buyurulub. Bunun müqabilində isə Quran, axirət əhlini səadətlə birlikdə zikr edib, onlar üçün əbədi xoşbəxtliyin olduğunu xəbər verib. Bundan əlavə, Allah dünyada onların qarşısındakı maneələri qaldıraraq kamala doğru yüksəlmələrini təmin edəcəyi vədini verib.   Bəli, dünyanı yəni əslində əbədi cəfanı istəyənlər üçün lazım olanlar hazırdır və axirəti, sonsuz səadəti istəyənlər üçün də mənəvi yüksəliş yolu onlara göstərilib. Lazım olan hər şey onlar üçün hazırlanıb. Nəhayət hər şey insan üçün hazırdır. İstər səadəti seçsin, istərsə də bədbəxtçiliyi.   Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! ("İsra" surəsi, ayə 18) Quran buyurur ki, bəzi insanlar keçici, tez yox olan dünyanı sevməkdə və onun kənarındakı həyata heç əhəmiyyət vermirlər. Allah buyurur biz bu xüsusiyyətlərdəki dünyanı istəyənlərə, istədiklərini verəcəyik, amma hamısını deyil, bəzi istəklərini verəcəyik. Elə isə dünya arxasında olanlar heç bir zaman tam olaraq arzularına çata bilməyəcəklər və çatdıqları arzuları üçün də əbədi cəhənnəmə alçaldılmış bir halda girəcəklər. Bu müvəqqəti dünya həyatında bir sıra yalan ləzzətlərə çatmaq istəyənlərə qarşılıq olaraq verilən əzabdır. Dünyanı sevən kəslərin müqabilində axirəti sevənlər var. Uca Allah onlar haqqında belə buyurur: Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. ("İsra" surəsi, ayə 19)   Axirət həyatını arzulayan, dünyadakı həyatdan sonra başqa bir həyatın olduğuna inanan və əbədi səadəti istəyən şəxs bütün gücü ilə ora üçün çalışmaq məcburiyyətindədir.  Yaxşı, bu əbədi səadəti istəyən şəxs nə qədər çalışmalıdır? Bu suala doğru cavab verə bilməyimiz üçün dünyanı arzulayan və müvəqqəti dünya ləzzətinə çatmaq istəyənlərin nə qədər çalışdıqlarına baxmaq lazımdır. Əgər min il də yaşasaydılar yenə dünya ləzzətlərinə çatmaq üçün çalışardılar. Əgər bir gün üçün iyirmi dörd saat yerinə qırx səkkiz saat olsaydı hamısını dünya işləri üçün xərcləyərdilər. Möminlərin rəhbəri Həzrət İmam Əli (ə) gecələri səhərə qədər ibadət etməsi, o qədər ağlayıb, Allahla münacat etməsinə baxmayaraq belə buyurur: Ah azuqənin azlığından, yolun uzunluğundan və səfərin uzaqlığından. (Nəhcül Bəlağə, Kəlam 74)   Heç şübhəsiz axirət üçün çox işin yanında, ən əhəmiyyətli şərt yerinə yetirilməlidir o da, bütün işlərin Allah rizası üçün olmasıdır. Şübhəsiz möminlərə mükafat olaraq veriləcək olan, onların əməllərinin qarşılığında deyil, daha çox veriləcək. Bu barədə Allah belə buyurur: Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. ("Ənam" surəsi, ayə 160)   Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar. ("Nəml" surəsi, ayə 89) Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. ("Bəqərə" surəsi, ayə 261) Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını və s.) mövcuddur! ("Qaf" surəsi, ayə 35)   Allah, cənnətliklərə ləzzətini anlaya bilməyəcəyimiz, xəyal belə edə bilməyəcəyimiz nemət verəcək, O yaxşı insanların istədiyindən daha çoxunu verər. Çünki insan ağılının qəbul edə bildiyi ölçüdə istəyər. Amma bizim düşünə bilməyəcəyimiz şeyləri istəyə bilmərik, lakin Allah ağılların dərk edə bilmədiyini cənnətə gedənlərə verəcək onu.   Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz! ("Səcdə" surəsi, ayə 17)