150 ilə yaxın yaşı olan Azərbaycan milli mətbuatı


Digərləri 22 İyl 2018 11:24:37 267 0

150 ilə yaxın yaşı olan Azərbaycan milli mətbuatı

Bu gün Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.

1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı.

Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.