Bundan sonra öz ölkəmə töhfə vermək haqqında düşünəcəyəm


Digərləri 21 İyl 2018 19:23:00 235 0

Bundan sonra öz ölkəmə töhfə vermək haqqında düşünəcəyəm

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin məzunu Kənan Məhəmmədlidir.

DİM tərəfindən mayın 20-də keçirilmiş birinci imtahanda 685 bal toplamış Kənan Məhəmmədli bir neçə gün bundan əvvəl təşkil edilmiş ikinci imtahanda 700 bal toplayıb. Bu göstəricisi ilə Kənan Məhəmmədli həm ali məktəblər üçün keçirilmiş qəbul imtahanlarında iştirak etmiş 70 min tələbə içərisində maksimum nəticə göstərən 15 abituriyentdən biri olmağı bacarıb, həm də Goranboy rayonundan 700 bal toplayan ilk abituriyent olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kənan Məhəmmədlinin anası Mahirə Rüstəmova deyir ki, övladları həmişə elmə, təhsilə həvəsli olub və məktəbi əla qiymətlərlə oxuyub. Oğullarının təhsilə marağını hiss edən valideynlər övladlarının yaxşı təhsil alması üçün ona həmişə mənəvi dəstək olublar.

Anası deyir ki, Kənan 9-11-ci sinifdə oxuduğu dövrdə daha çox zəhmət çəkib. O, bir məktəbli və gənc kimi bütün sosial şəbəkələrdən və əyləncələrdən uzaq olub. Vaxtının böyük hissəsini dərslərini oxumağa, bildiyi dərsləri təkrarlamağa, yaxud müəllimlərinin tapşırıqlarını yerinə yetirməyə ayırıb. Valideynləri Kənanı digər bir ixtisas qrupuna yönləndirmək istəsələr də, xasiyyət etibarı ilə qətiyyətli və məqsədyönlü olan övladları birinci ixtisas qrupunu seçib və sonadək yüksək balla ali məktəbə daxil olmaq üçün səylə çalışıb.

Səfikürd tam orta məktəbinin direktoru Elnur Qasımov məzunlarının yüksək nəticə göstərməsini kəndin ənənələri və kənd məktəbində işləyən yüksək savadlı, peşəkar pedaqoqların olması ilə izah edir. Amma məktəb direktoru bu cür nailiyyətin əldə edilməsində Kənan Məhəmmədlinin daha çox çalışqanlığını və tələbə adını qazanmaq üçün böyük səylə çalışdığını vurğulayır.


Xəbərə aid fotolar