"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi uğurla başa çatıb (FOTO)


Digərləri 21 İyl 2018 14:13:00 267 0

"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi uğurla başa çatıb (FOTO)

"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi uğurla başa çatıb

Bakı. 18-20 iyul tarixlərində IDEA İctimai Birliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Təhsil Nazirliyinin və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və digər kəndlərindən 60-dək məktəbli qatılıb. İB-dən Trend-ə verilən məlumata görə, “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişində iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə ediblər. Uşaqlar, həmçinin müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edəcək, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası” adlı sənədli filmi izləyiblər. Düşərgə müddətində gənclərin Qax rayonunda ceyranların reintroduksiya edildiyi ərazilərə, həmçinin Ləkit kəndində yerləşən, 2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə edilən və “Mamırlı” şəlaləsi adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası təşkil edilib. Gənclərlə birgə Qum kəndində yerləşən meşəlik ərazidə və Ərdəva çayında bəzi ekoloji oyunlar təşkil olunacaq və tədqiqatlar aparılıb.