Avropa Gənclər Yay Olimpiya Festivalına geriyə sayım başladı


Digərləri 21 İyl 2018 09:57:00 246 0

Avropa Gənclər Yay Olimpiya Festivalına geriyə sayım başladı

Bu gün, 21 iyul tarixdən başlayaraq 2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına geriyə sayım başladı.

Son.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin mərkəzi keçələrindən birində geriyə sayımı göstərəcək saat da quraşdırılacaq.

Açılış mərasimi 21 iyul, 2019-cu il tarixdə Crystal Hall-da baş tutacaq tədbir 6 gün davam edəcək. Yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir. İdmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 12 idman qurğusunda, 13 proqram üzrə mübarizə aparacaqlar.

Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə 1990-cı ildə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən Avropa Gənclər Festivalını keçirmək təklifini irəli sürmüşdür. Festival 14-18 yaşlar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. İlk dəfə festival 1991-ci ildə Belçikada, Brüsseldə baş tutmuşdur.

Festival iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur.