ParisBakı əlaqələri yeniləndi: İrəvan çox narahatdır


Siyasət 21 İyl 2018 07:00:00 265 0

ParisBakı əlaqələri yeniləndi: İrəvan çox narahatdır

Yaxın dövrdə biz bu səfərin əhəmiyyətini daha aydın şəkildə görə biləcəyik

Yaxın dövrdə biz bu səfərin əhəmiyyətini daha aydın şəkildə görə biləcəyik.

"Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin əhəmiyyəti Ermənistan tərəfinin həyacanlı davranışlarında, səfər ərəfəsində Ermənistan mətbuatında Azərbaycan-Fransa münasibətlərinin inkişafı barədə yer alan yazılarda da özünü büruzə verir. Ermənilər artıq "Paşinyan inqilabı" layihəsinin gözlənilən effekti vermədiyini başa düşüblər və anlayıblar ki, baş verənlər onları ənənəvi himayəçiləri ilə qarşı-qarşı qoymaqla yanaşı Qərblə münasibətlərinə də müsbət təsir göstərməyib".

Bu barədə Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Fransaya səfərini dəyərləndirərkən bildirib.

"Bunlar Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdırırlar" Onun sözlərinə görə, Ermənistanın və dünya ermənilərinin Azərbaycanın mövqelərinin zəiflədilməsinə xidmət edən "məxməri inqilab", "demokratik dəyişikliklər" ssenarisi baş tutmayıb: "Heç kimi ərazisində başqa dövlətin hərbi bazası olan, tamamilə əks hərbi-siyasi blokda təmsil olunan, ölkənin həyati əhəmiyyət kəsb edən bütün sektorlarını başqa bir ölkənin oliqarxlarına təslim edən, qonşu ölkənin ərazilərini işğal altında saxlayan bir forpost dövlətin demokratiya haqqında nağıllarına inandırmaq mümkün deyil. Sən nə oyun qurursan qur, əgər müstəqil qərar qəbul etmək hüququn yoxdursa, o zaman bu oyunun sonunda məğlub duruma düşəcəksən. Fransa Avropanın ən böyük dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Dünyadakı ən böyük erməni diaspor təşkilatlarından birinin bu ölkədə olması da Fransanı daim Azərbaycanın diqqət mərkəzində saxlayır. Bu baxımdan Azərbaycan-Fransa əlaqələrinin inkişafı ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir".

"Terrora çağırış edənlər onu həyata keçirənlərlə eyni məsuliyyəti daşıyırlar" E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərin inkişafına mane olan səddi artıq uzun müddətdir ki, sıradan çıxarıb. Bu səfər isə iki ölkə arasındakı əlaqələrin inkişafında yeni və çox önəmli bir mərhələnin başlanğıcı olacaq: "Bu baxımdan Azərbaycan Prezidentinin Fransaya səfərini tarixi hadisə kimi qiymətləndirmək lazımdır. Düşünürəm ki, yaxın dövrdə biz bu səfərin əhəmiyyətini daha aydın şəkildə görə biləcəyik.

Fransa Avropa İttifaqının əsas güc mərkəzlərindən biri və bəlkə də birincisidir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafında da Fransanın müstəsna rola malik ola biləcəyi şübhə doğurmur. Bu səfər həm Azərbaycan-Fransa, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivi baxımından böyük əhəmiyyətə malikdir".

İlkin İzzət