Hətta xərçəngə də səbəb ola bilər


Digərləri 20 İyl 2018 23:24:00 296 0

Hətta xərçəngə də səbəb ola bilər

Kosmetoloji məhsullar alarkən istifadə tarixinə diqqət yetirmək lazımdır 

Kosmetoloji məhsulların satış qiyməti elə də ucuz olmur, ona görə bir çox xanımlar alış-veriş etmək üçün böyük kosmetika mağazalarında endirim günlərini gözləyirlər. Qiymət münasib olanda, ya da ümumiyyətlə, bizdə komsetoloji məhsullar alanda istifadə müddətinə demək olar ki, çox nadir hallarda baxılır. Lakin bu cür məhsulların da son istifadə tarixi var...

Axşam.az-a şikayət məktubu yazan Rəna Kərimova adlı xanım da "İdeal" parfumeriya mağazasından elə endirim günlərində bədən üçün duş geli alıb. Evə gələndə isə istifadə müddətinin bitməsinə bir neçə gün qaldığını görüb: "40 faiz endirim qoyulmuşdu. Dedim ki, eybi yox, istifadə edim. Amma bədənimə vuran kimi allergiya oldu, qızarıb qaşınmağa başladı. "İdeal"ın endirimə qoyduğu məhsullara diqqətlə baxılmalıdır. Vaxtının bitməyinə 5-6 gün qalmış məhsulları yığıb belə endirim edib, insanları aldadırlar. Başqa rəfiqəm də mənlə birlikdə məhsuldan almışdı. O, aparıb geri qaytarmaq istəyəndə isə belə bir xidmətlərinin olmadığını deyib, etiraz bildiriblər. Rəfiqəm göstərib ki, istifadə müddəti bir neçə günə bitir. Deyiblər ki, nə olsun, istifadə edin o vaxta kimi".

Kosmetik məhsullar belədir ki, onu 3-4 gün istifadə etmirsən, aldığın məhsul ən azı 15-20 gün istifadə olunur, hətta elə məhsullar var ki, aylarla istifadə edirik. Bu o deməkdir ki, 5-10 gün istifadə müddəti qalmış məhsulu alıb, vaxtı keçdikdən sonra da istifadə edirik. Bəs belə hallar nə dərəcədə düzgündür?

Son.az xəbər verir ki, həkim-kosmetoloq Könül Namazova "Kaspi"yə açıqlamasında bildirdi ki, kosmetoloji məhsulların istifadə müddəti önəmlidir, ona görə bu məsələdə diqqətli olmaq lazımdır: "Məsələn, xama ilə xiyar, kokosu qarışdırıb soyuducuya qoyun. 3 gündən sonra təbii ki xarab olacaq. Kosmetoloji məhsulların tərkibində də bu cür təbii məhsullar olur. Onların uzun müddət qalmasını təmin etmək üçün də tərkibinə laboratoriyalarda konsentrantlar qatılır. Bunlar da kimyəvi əsaslı olur və kosmetika məhsullarının qalıcılığını təmin edir. Qeyd olunan tarixə qədər məhsulların tərkibində o elementlər yavaş-yavaş effektini itirir. Ona görə də istifadə tarixi bitəndən sonra kosmetik vasitələrdən istifadə etmək risklidir. Nə pasientə məsləhət görürəm, nə də özüm istifadə edirəm. Sonra problem yarada, hətta dəri xərçənginə səbəb ola bilər. Ona görə məsləhət görərdim ki, bahalı kosmetik vasitələrdən istifadə etsinlər. Yəni, bahalı deyəndə öz brendini yaratmış şirkətin məhsullarını nəzərdə tuturam. Keyfiyyəti ilə bazarda tanınan olsun. Çünki belə məhsullar laboratoriyada yüksək dərəcədə təmizlənir. Ucuz və keyfiyyəti yaxşı olmayan kosmetikadan uzaq durmaq lazımdır. Hələ bu kosmetoloji məhsulları vurub günəş altına çıxmağı isə ümumiyyətlə, məsləhət görmürəm".