"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda müsabiqənin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 20 İyl 2018 18:25:00 239 0

"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda müsabiqənin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib (FOTO)

"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda müsabiqənin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib

Bakı. Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının 22 iyul - Milli Mətbuat Günü münasibətilə birgə təşkil etdiyi "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, APA informasiya agentliyinin prezidenti Vüsalə Mahirqızı, "Trend" informasiya agentliyinin direktor müavini Arzu Nağıyev və müsabiqədə mükafatlandırılan jurnalistlər iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə media nümayəndələrini təbrik edib, onlara xoş arzularını çatdırıb. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız zəngin tarixi inkişaf yolu keçdiyini bildirən Səfər Mehdiyev, milli şüurumuzun oyanmasında, azərbaycançılıq məfkurəsinin, istiqlal duyğularının güclənməsində Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin xüsusi rolundan danışıb. Milli mətbuatımızın əsil çiçəklənmə dövrünü isə ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadığını vurğulayan Komitə sədri, bu gün milli mətbuatımıza dövlət qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfər Mehdiyev mətbuat və söz azadlığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Kütləvi İnformasiya Vasitələrinə maddi yardımlar, jurnalistlərin fəxri adlar, müxtəlif mükafatlarla təltif edilməsi, mətbuat nümayəndələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımların buna bariz nümunə olduğunu bildirib. Dövlət Gömrük Komitəsinin öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük işi və qanunvericiliyilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və davamlı maarifləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən Səfər Mehdiyev, gömrük xidmətinin kütləvi informasiya vasitələrinin nümayəndələrilə qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Son bir ay ərzində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən mediaturlar, seminarlar barədə danışan Komitə sədri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi müsabiqənin də gömrük işinin təbliğini, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin edəcəyinə ümidvar olduğunu bildirən Səfər Mehdiyev müsabiqə iştirakçılarına təşəkkürünü bildirib, jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb.