Vüqar Rəhimzadə: "Əkinçi"dən başlayan yol bugünkü uğurlarımızın bələdçisidir


Digərləri 20 İyl 2018 13:47:00 200 0

Vüqar Rəhimzadə: "Əkinçi"dən başlayan yol bugünkü uğurlarımızın bələdçisidir

"Əkinçi"dən başlayan yol bugünkü uğurlarımızın bələdçisidir.

Bakı. Müsahibimiz YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir - Vüqar müəllim, milli mətbuatımızın yaranmasının 143-cü ildönümü ərəfəsindəyik. Arxada qalan hər il bu zənginliyə yeni əlavələr edir. Bir əsr yarıma yaxın olan bu dövrü necə xarakterizə edərdiniz? - Öncə milli mətbuatımızın 143-cü ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə davamlı töhfələr verməyi arzulayıram. Milli mətbuatımızın «Əkinçi»dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. 143 illik tarixi 4 mərhələyə bölmək olar: "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü. 2018-ci ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan olunması Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın da məhz bu mərhələsinə diqqət yönəltmək istərdim. Bütün dövrlərdə mətbuat həqiqət carçısı kimi çıxış etmiş, dövrün reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasına səy göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin məlum Sərəncamında da qeyd olunduğu kimi, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər. 1918-ci il may ayının 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində işıqlandırıldı, cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün mühüm addımlar atıldı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonrakı dövrdə, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı, inkişafa mane olan süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası formalaşdırıldı, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması yönümündə mühüm tədbirlər həyata keçirildi. - 1993-2003-cü illəri əhatə edən dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi… - Yarandığı gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan müasir müstəqil Azərbaycan Respublikasının bu istiqamətdə qazandığı uğurların miqyası genişdir. Ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olmasını fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi məsələləri öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Komissiya tərəfindən işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahərin inkişafına xidmət edən müddəalar öz əksini tapıb. Eyni zamanda hər sahənin, ümumilikdə isə ölkənin hərtərəfli inkişafına xidmət edən qanunların qəbulu və zamanın tələbinə uyğün olaraq təkmilləşdirilməsi də daim diqqətdə saxlanılmışdır. Əvvəldə də qeyd etdiyim kimi, dahi şəxsiyyət Heydər Əliyevin müstəqil mətbuatın inkişafında xidmətlərindən bəhs edərkən ilk olaraq Ulu Öndərin 6 avqust 1998-ci il tarixli «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmir edilməsi sahəsində tədbirlər haqqında» fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və Sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə yardımları verildi, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin «Kütləvi İnformasiya Vasitələri haqqında», «Məlumat azadlığı haqqında» qanunlar qəbul olundu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin «Azərbaycan» nəşriyyatına borclarının dondurulması idi. Dahi şəxsiyyət Heydər Əliyevin hər addımında azad mətbuatın inkişafına verilən önəm diqqəti xüsusilə cəlb edir. Milli mətbuatımızın yubileylərinin keçirilməsi, qəzet redaktorları ilə mütəmadi görüşlərin keçirilməsi, onları narahat edən məsələlərlə yaxından tanış olub, aidiyyəti qurumlara göstərişlər verilməsi də həmin dövrün mühüm addımları sırasındadır. Ümummilli liderimiz jurnalist əməyini belə dəyərləndirirdi: «Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.» Təbii ki, Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə edən bu mərhələdə atılan addımları və onların uğurlu nəticələrini bir sual çərçivəsində əhatə etmək mümkünsüzdür. Qısa xronologiya mətbuatın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Bu dövrün mühüm uğurlarından biri də 2003-cü ilin martında mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirmək məqsədilə Mətbuat Şurasının yaradılması oldu. Məlumdur ki, hər bir cəmiyyətdə uğurlara yol açan mühüm amillərdən biri də mövcud problemləri, qüsurları görmək və onların həlli üçün ciddi səylər göstərməkdir. Ümummilli lider Heydər Əliyev jurnalistləri obyektiv olmağa çağıraraq bildirirdi: «Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər.» Ulu Öndərin diqqət və qayğısından irəli gələn bu kimi addımlar məsuliyyət hissinin və peşəkarlığın artırılmasını bir tələbə çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin güzgüsü missiyasını dolğun şəkildə yerinə yetirmək hər bir media nümayəndəsindən güclü vətənpərvərlik hissinə sahib olmağı tələb edir. Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi 1993-cü ildən başlanan inkişaf yolumuzda mətbuata göstərdiyi diqqət və qayğıya verilən dəyərdir.