Bakı Olimpiya Stadionu qırmızı rənglə işıqlandırılacaq


Digərləri 20 İyl 2018 13:40:00 394 0

Bakı Olimpiya Stadionu qırmızı rənglə işıqlandırılacaq

"Special Olympics" - Xüsusi Olimpiya hərəkatının 50 illik yubiley tədbirləri çərçivəsində dünyanın simvolik memarlıq abidələri iyulun 20-də qlobal birliyin rəmzi olaraq qırmızı rənglə işıqlandırılacaq.

Son.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın daha inklüziv dünyanın yaradılmasına dəstəyini nümayiş etdirmək məqsədilə Bakı Olimpiya Stadionu iyulun 20-i saat 21:30-da qırmızı rənglə işıqlandırılacaq. Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edəcək və tolerantlıq və fərqliliklərə hörmət nümayiş etdirəcək.

Bu akt inklüzivlik inqilabını əks etdirir - Xüsusi Olimpiya hərəkatının missiyası əqli qüsurlu insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inklüziv cəmiyyətlər formalaşdırmaqdır.

Bu təşəbbüsdə iştirak edəcək yerlərə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexiko şəhərində Müstəqillik Mələyi abidəsi və Pekində Su Kubu daxildir. Avropa və Asiyada da bir sıra abidələr bu təşəbbüsə qoşulacaq.

İnklüzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17-21-də Çikaqo şəhərində keçirilən "Special Olympics" təşkilatının 50-ci ildönümü ilə bağlı yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyul ayında ilk dəfə keçirilmiş Beynəlxalq "Special Olympics" Yay Oyunlarının vətənidir.