Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs: "Həmin pulla kirayə haqqını ödədim"


Sosial 20 İyl 2018 12:11:38 281 0

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs: "Həmin pulla kirayə haqqını ödədim"

Məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bildiklərini deyib.

Daha sonra zərərçəkmiş Mehman Cabbarov ifadə verib.

O söyləyib ki, hadisədən əvvəl təqsirləndirilən şəxslərdən yalnız S.Maillini yanıyıb.

Zərərçəkmiş qeyd edib ki, yanacaqdoldurma məntəqəsində gecə istirahət edən zaman üzü masqalı iki nəfər şəxs otağa daxil olub, ona hədə-qorxu gəlib: "Mən istirahət otağında yatmışdım. Əvvəl biri içəri daxil oldu, sonra digəri. Birinci içəri daxil olan şəxsin əlində bıçaq var idi. Pul tələb etdilər. Mən də qorxuduğum üçün onlara 552 manat pul verdim. Hər şəxs otaqdan çıxıb qaçdılar, sonra polisə məlumat verdim".

M.Cabbarov bildirib ki, dəymiş ziyan ödənilib, heç bir şikayət və tələbi yoxdur.

Təqsirləndirilən N.Mustafayev dindirilən zaman hadisəni etdiklərini etiraf edib. O, həmin pulla kirayə haqqını ödədiyini söyləyib: "Basqın təklifini Sərxan etdi. Pula ehtiyacımız vardı. Əməlimdən peşmanam".

N.Mustafayevin sözlərinə görə, hazırda atası da həbsdədir.

Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.