Azərbaycanda həssas əhali qrupları üçün yeni “sosial iş modeli” yaradılacaq (FOTO)


Digərləri 20 İyl 2018 10:21:29 244 0

Azərbaycanda həssas əhali qrupları üçün yeni “sosial iş modeli” yaradılacaq (FOTO)

Azərbaycanda həssas əhali qrupları üçün yeni “sosial iş modeli” yaradılacaq.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların müdafiəsi, müvafiq təbəqələrdən olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində fəaliyyət mexanizmlərinin, o cümlədən uşaqlarla bağlı sosial xidmət sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsində UNICEF-lə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib. Əməkdaşlıq çərçivəsində ötən dövrdə mühüm işlərin görüldüyünü diqqətə çatdıran S.Babayev birgə fəaliyyət müstəvisində hazırlanan Sosial Xidmətlər Strategiyası layihəsinin müvafiq sahədə strateji fəaliyyət istiqamətləri və hədəflərin müəyyən olunmasında önəmini vurğulayıb. O qeyd edib ki, layihədə sosial xidmətin göstərilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, bütün həssas əhali qruplarının fərdi ehtiyaclarına uyğun olaraq yeni “sosial iş modeli”nin yaradılması və tətbiqi əksini tapır. Həmçinin layihə sosial xidmət sahəsində vahid məlumat bazasının yaradılmasını, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini və s. nəzərdə tutur. Bütün bunlar nazirlik tərəfindən hazırlanmış “2019-2023-cü illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası” layihəsində də yer alacaq.