""Rəbb" və "Tanrı"nın böyük hərflə yazılması müzakirədən çıxarılıb, başqa ölkələrdə də müqəddəs anlayışlar geniş müzakirə edilmir"


Digərləri 20 İyl 2018 08:02:00 327 0

""Rəbb" və "Tanrı"nın böyük hərflə yazılması müzakirədən çıxarılıb, başqa ölkələrdə də müqəddəs anlayışlar geniş müzakirə edilmir"

İlkin variantda cəmiyyətə 69 maddə ilə təqdim edilən Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsində yalnız 10 maddəyə dəyişikliyin edilməsi məsələsi müzakirə ediləcək, layihədə qalan 59 maddəyə isə heç bir dəyişiklik edilməyəcək və onlar hazırda olduğu kimi saxlanılacaq.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinə cəmi 10 maddəyə dəyişikliyin edilməsi ilə bağlı layihə təqdim ediləcək:

"Yeni təklif olunan orfoqrafiya qaydaları layihəsindəki 69 maddənin 59-u ilə bağlı cəmiyyətdə aparılan müzakirələr nəticəsində qərar qəbul edildi. Onların bundan sonra əlavə müzakirə edilməsinə ehtiyac görmürük. "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydası ilə bağlı məsələni də ictimai rəy özü həll etdi. Buna görə də bu məsələyə yenidən baxılmayacaq".

İ.Həbibbəyli deyib ki, layihədə qalan 10 maddə daha dərin müzakirələrin aparılmasını tələb edir: "Əslində, onlar barədə də razılaşma var. Amma yenə də elmi müzakirələr aparılaraq qərar qəbul edilməlidir. Düşünürəm ki, sentyabrın əvvəlində Orfoqrafiya Komissiyasının üzvləri məzuniyyətdən qayıdan kimi komissiya qayda layihəsini son dəfə müzakirə edərək Nazirlər Kabinetinə təqdim edəcək".

İ.Həbibbəyli qeyd edib ki, layihədə saxlanılan və baxılacaq məsələlərdən biri qoşa "y" samiti ilə yazılan sözlərdə bir "y" samitinin ixtisar edilməsidir:

"İndiyə qədər qoşa "y" samiti ilə yazılan sözlərdə "y"lərdən birinin ixtisar edilməsi ilə bağlı təklifə mətbuatda etiraz edən olmayıb. Sadəcə olaraq, deyilirdi ki, bu, qəbul edilərsə, çoxlu sənədlər dəyişəcək və buna da çoxlu maliyyə vəsaiti tələb olunacaq. Ancaq mən adında iki "y" samiti olan nazirliklərə rəsmi olaraq, müraciət etmişəm. Məlum olub ki, bunun üçün çox cüzi maliyyə vəsaiti lazımdır. Çünki bu günə qədər olan sənədlərin heç biri, eyni zamanda bu günə qədər olan ədəbiyyat da dəyişməyəcək. Bu dəyişikliklər yalnız bundan sonra yaranacaq ədəbiyyata, sənədlərə aiddir. Bu dəyişikliklər üçün cüzi maliyyə vəsaitinin tələb edilməsi barədə rəsmi arayış da almışam. "İki "y" samitindən birinin ixtisarı ilə əlaqədar çoxlu maliyyə vəsati lazımdır" arqumenti artıq ortadan qalxıb".