Almaniyada məzarlıqda yer almaq üçün lotereya təşkil edilib


Digərləri 20 İyl 2018 05:30:00 395 0

Almaniyada məzarlıqda yer almaq üçün lotereya təşkil edilib

Almaniyanın Yuxarı Bavariya əyalətindəki Berxtesqaden şəhərindəki köhnə məzarlığın ölçüsü yaxın vaxtlarda dünyasını dəyişə biləcək insanların sayı ilə müqayisədə çox kiçikdir. Burada özünə son mənzil tapmaq istəyənlərin sayı məzar yerlərinin sayından xeyli çoxdur. Bununla əlaqədar, şəhərin hakimiyyət orqanları mürəkkəb bir məsələ ilə üzləşiblər: məzarlıqda mövcud yerləri mümkün qədər ədalətli şəkildə bölüşdürmək lazımdır. Şəhərin yerli sakinləri olan 280 iddiaçıdan məhz kimin burada dəfn edilmək hüququ qazanmasını lotereya yolu ilə müəyyən etmək qərara alınıb. Lotereyada 200 yer oynanılıb. Onlardan 140-ı mərhumların tabutda dəfn edilməsi, 60-ı isə mərhumun külü olan urnanın basdırılması üçün nəzərdə tutulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Uduş tirajı" iyulun 18-də yerli konqres mərkəzində keçirilib. İlk növbədə bu və ya digər səbəblərə görə ən yaxşı sayılan məzar yerləri oynanılıb. Dpa informasiya agentliyinin verdiyi məlumata görə, birinci məzar yerinin "bəxtəvər sahibi" 53 yaşlı Ziqlind Skrivan olub. Məzarlıqda Skrivanın özü və onun əri üçün yer nəzərdə tutulub. Sevincini gizlətməyən ər-arvad özləri üçün son məskən kimi məzarlığın lap mərkəzində, ağac altında yerləşən mənzərəli bir guşə seçiblər.

Üç yüz ildən çox yaşı olan bu məzarlıqda 1500 məzar yeri var. Berxtesqadendə köhnə məzarlıqdan başqa, şəhərin hüdudlarından kənarda yerləşən daha bir məzarlıq var. Oranın yolu daha uzun və çətindir. Bu isə dünyasını dəyişənlərin məzarlarını ziyarət edən və həmin məzarlara qulluq edən ailə üzvləri və qohumlar üçün mühüm amildir.