“3 ildən 8 ilə qədər həbs oluna bilər”


Şou-biznes 19 İyl 2018 21:12:00 333 0

“3 ildən 8 ilə qədər həbs oluna bilər”

Xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alması barədə məlumat yayıb. Belə ki, xalq artistinin paylaşımına görə, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

N.Dostəliyevanın elmi dərəcə alması sosial şəbəkədə müzakirələrə səbəb olub. Sənət dostları xalq artistini təbrik edib, bəzi şəbəkə izləyiciləri isə onun alim adı almasına istehza ilə yanaşıblar.

Ali Attestasiya Komissiyanın aparat rəhbəri Arif Quliyev isə lent.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: "Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb, o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir".

Son.az musavat.com-a istinadən bildirir ki, məsələ ilə bağlı xalq artistinin mövqeyini öyrənməyə çalışılıb. Lakin onun məlum hadisədən dolayı telefonlarını söndürdüyü məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov saytımıza açıqlamasında deyib ki, saxta sənəd qalmaqallı ilə bağlı onlara müraciət olunmayıb: "Bizə nə komissiyadan, nə də Nazpəri xanım tərəfindən müraciət olunmayıb. Mətbuatda gedən xəbərlərdən məlumatlıyıq, araşdırıb, geniş açıqlama verəcəyik".