“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ünvanı Saray qəsəbəsi olacaq


Digərləri 19 İyl 2018 19:00:00 325 0

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ünvanı Saray qəsəbəsi olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonunun Saray qəsəbəsi olacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonunun Saray qəsəbəsi olacaq. Komitədən Trend-ə verilən məlumata görə, sakinlər iyulun 23-dən 27-dək saat 09:00-dan 17:00-a qədər qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Vətəndaşlar tərəfindən müsbət qarşılanan kampaniyanın üstünlüyü onun effektiv təsir imkanlarını artırır. Belə ki, digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə Abşeron rayonunun Saray qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər. “Vətəndaş xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında” hədəfinə uyğun olaraq keçirilən kampaniya vasitəsilə vətəndaşlar daşınmaz əmlaka dair qeydiyyat xidmətlərindən rahatlıqla faydalana bilirlər. Qeydiyyat xidmətlərində əlçatanlığın, şəffaflığın təmin olunması, sənədləşmənin əhalinin geniş kütləsini əhatə etməsi bu sosial layihənin əsas amalıdır. Kampaniya zamanı sakinlər fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları ilə bağlı sənədlərini təqdim edə bilərlər. Mobil ofislər vasitəsilə isə əmlaklar daha sadə və innovativ üsullarla rəsmi qeydiyyata alınır. Bu kampaniyalar məmur-vətəndaş ünsiyyətini, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verir. Beləliklə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial layihə əhalinin geniş təbəqəsini sənədləşmə prosesinə cəlb etməklə operativ xidmət, üstün keyfiyyət prinsiplərinə əməl edir.