Elektrik enerjisinin 43 faizini yaşıl mənbələr hesabına əldə edən İtaliya təcrübəsini Azərbaycanda bölüşməyə hazırdır (FOTO)


Digərləri 19 İyl 2018 18:01:00 224 0

Elektrik enerjisinin 43 faizini yaşıl mənbələr hesabına əldə edən İtaliya təcrübəsini Azərbaycanda bölüşməyə hazırdır (FOTO)

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib. Trend-in məlumatına görə, İtaliya iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərliyi ilə nümayəndə heyəti, bir sıra dövlət qurumları, şirkət və iş adamlarının iştirakı ilə keçirilən işgüzar görüş nəqliyyat infrastrukturu və loqistika, yaşıl enerji və ətraf mühit, və kənd təsərrüfatı üzrə 3 tematik dəyirmi masa formatında keçirilib. “Enerji və yaşıl texnologiyalar” dəyirmi masasında çıxış edən energetika nazirinin müavini Samir Vəliyev bu forumu İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri kimi qiymətləndirib. Bildirilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycan iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinə böyük önəm verir. İtalyan şirkətlərinin Azərbaycanda neft, qaz, energetika sahələrində fəaliyyət göstərdiyini və investisiya yatırdığını qeyd edən nazir müavini bu istiqamətdə Azərbaycan qazının Avropaya çatdırılmasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini xüsusilə vurğulayıb. Dəhlizin əsas hissələrindən olan TAP layihəsi üzrə işlərin qrafikə uyğun davam etdiyini və nəzərdə tutulan vaxtda başa çatacağını və bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacağına inamını ifadə edib. İtaliyanın bərpa olunan enerji sahəsi üzrə təcrübəsinin olduğunu bidirən Samir Vəliyev bu sahədə də əməkdaşlıq imkanlarının olduğunu deyib.