Tullantı sularının Xəzərə axıdılmasının qarşısı bu yolla alınacaq FOTO


Digərləri 19 İyl 2018 16:55:00 336 0

Tullantı sularının Xəzərə axıdılmasının qarşısı bu yolla alınacaq  FOTO

Azərbaycan hökumətinin və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu" layihəsi çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi intensiv qaydada davam etdirilir.

"Azərsu" ASC-dən Son.az-a verilən məlumata görə, icrasına 2017-ci ildə başlanılmış layihə üzrə işlərin 70 faizi yerinə yetirilib. Relyef nəzərə alınaraq ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılacaq. Tullantı sularının tərkibində olan iri əşyalar barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşmaq üzrədir. Yarana biləcək qoxunu aradan qaldırmaq məqsədilə dezodorasiya qurğusu inşa edilir.

Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də son mərhələdədir. Ən sonda tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi nəzərdə tutulur. Tullantı Sutəmizləyici Qurğular Kompleksinin tikintisi üzrə 27 min kubmetr beton işinin 55 faizlik hissəsi yerinə yetirilib.

Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xətiinin qaynaq və izolyasiya işləri tam yekunlaşıb. Çıxış xəttinin 1300 metrlik hissəsi dənizin dibi ilə xüsusi təyinatlı gəmilər vasitəsilə quraşdırılacaq. Bu məqsədlə dənizin dibi ilə marşrut seçilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.


Xəbərə aid fotolar