Aqolli: "Yeganə seçimim Qarabağ-da qalmaqdır"


İdman 19 İyl 2018 17:00:00 323 0

Aqolli: "Yeganə seçimim Qarabağ-da qalmaqdır"

Qarabağ-ın müdafiəçisi Ansi Aqolli Albaniya mətbuatının suallarını cavablandırıb. Goal.az təcrübəli futbolçunun müsahibəsini təqdim edir.

- Qarabağ II təsnifat mərhələsinə yüksəldi. Favoriti olduğunuz cütdə qələbə çətinliklə əldə edildi?

- Avrokuboklarda zəif rəqib olmur. Bizim mövsümdə ilk sınağımız idi. Evdəki matç ikinci oyunumuz idi. Meydanda diktə edən tərəf olsaq da, tam açılıb rəqibə boşluqlar vermədik. Çünki xoşagəlməz sürprizlə üzləşmək istəmirdik. Məqsədimiz mərhələ keçmək idi ki, bu vacib işin öhdəsindən də gəldik.

- İndi rəqibiniz Albaniya Kukesi-si oldu. Hansı hissləri keçirirsiz?

- Mənim üçün çox qeyri-adi hisslərdir. 10 ildən sonra Albaniyaya klub səviyyəli matçda oynamaq üçün qayıdacağam.

- Bu, sizin karyeranızda Albaniya komandasına qarşı rəqib formasındakı ilk oyun olacaq?

- Əlbəttə ki, ilk dəfədir.

- Bu dueldə favorit kimi sayırsız?

- Kağız üzərində şanslı olmaq meydanda heç nəyi həll etmir. Qarşılaşmalara daha çox konsentrasiya olmaq həlledici amillərdəndir. Bu da yarışın spesifik tərəfidir.

- Yəqin ki, Azərbaycanda oynasaz da Kukesi barədə məlumatınız olar?

- Müəyyən bilgilərim var. Məndən dəfələrlə Kukesi barədə soruşublar. Çünki bu komanda neçə illər bizim potensial rəqibimiz olub. Rəqibə hörmətlə yanaşırıq.

- Albaniyadakı oyundan nə gözləyirsiz?

- Hansı mənada?

- Ab-hava və emosiyalar baxımından...

- Nə deyəcəyimi bilmirəm. Şübhəsiz ki, stadiondakı ab-havanı səbirsizliklə gözləyirəm. Emosiyalarım da yetərincə olacaq.

- Amma bir sual da yaranır. Aqolli niyə əsas heyət oyunçusu kimi meydana çıxmır?

- Ötən mövsüm həm çempionat, həm Çempionlar Liqasında daim oynayırdım. Meydana kimin çıxıb-çıxmamasına baş məşqçi qərar verir.

- Bəlkə formada deyilsiz?

- Təlim-məşq toplanışından yeni qayıtmışıq. Fiziki cəhətdən maksimal formadayam. Amma oynamaqla bağlı qərarı məşqçi verir.

- Belə çıxır ki, vəziyyət yığmada baş məşqçinin sizi çağırmadığı kimidi?

- Şərh vermək istəmirəm. Onsuz da belə məsələləri şərh edənlər çoxdur..

- Milli karyeranızı başa vurduğunuzu söyləmək olar?

- Mən missiyamı yerinə yetirdim. Ümid edirəm ki, hər şey də düzgün olub. Milliyə lazım olsam, tərəddüdsüz gələrəm.

- Amma yaş və illər də sözünü deyir. Karyeranızı harada bitirəcəksiz?

- Açığını deyəcəm. Artıq 9 ildir Azərbaycandayam. Mənə seçim etmək çətin deyil. Əgər sənə belə inanan məşqçi, belə klub, azarkeşlərin sevgisi varsa, yeganə seçim orda qalmaqdır. Gələcəyimi də Qarabağ-da görürəm.

- Məşqçi kimi, yoxsa digər vəzifədə?

- Bunu zaman göstərəcək. Əsas futbol ailəsində olmaqdır.

Apasport