Şamaxıda evə basqın edərək ər-arvada qarşı quldurluq edən dəstə üzvlərinin məhkəməsi başlayıb


Sosial 19 İyl 2018 16:29:42 348 0

Şamaxıda evə basqın edərək ər-arvada qarşı quldurluq edən dəstə üzvlərinin məhkəməsi başlayıb

Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, prosesdə təqdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən R.Zərbəliyevlə T.Əliyev daha əvvəl məhkumluq həyatı yaşayıb.

Daha sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflər çıxış edib. Prokuror işin məhkəmə baxışına verilməməsini istəyib.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən R.Zərbəliyev və K.Səfərova qarşı isintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də, cinayət işində yer alan ittiham aktının nəticəvi hissəsində bəzi maddələr göstərilməyib. Həmçinin o söyləyib ki, istintaq zamanı iki zərərçəkmişin olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin adı qeyd edilib.

Prokuror qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını və cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edib.

Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən üç maskalı şəxs onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar.

Onlar hər iki şəxsi döyərək evdən 12 min manat, 3 min ABŞ dolları və 100 min rubl (2990 manat) aparıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər - Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayev müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Şamaxı rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.