AHİK sədri: Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb


Digərləri 19 İyl 2018 16:21:00 259 0

AHİK sədri: Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb

Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb.

Bakı. Samir Əli - Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb. Trend-in məlumatına görə, bunu "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib. S.Möhbalıyev qeyd edib: "2017-ci ildə respublika üzrə istehsalat zədələnməsinin vəziyyətinə nəzər yetirsək görərik ki, həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı ötən illə müqayisədə 28,4 faiz (95 hadisəyə qarşı 68 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 36,7 faiz (49 nəfərə qarşı 31 nəfər) azalıb". O əlavə edib ki, respublika üzrə isə istehsalat xəsarəti alanların sayı 26,9 faiz (249 nəfərə qarşı 182 nəfər), istehsalat qəzasından ölənlərin sayı isə 27,4 faiz (84 nəfərə qarşı 61 nəfər) azalıb: "Cari ilin altı ayında ötən ilin dövrü ilə müqayisədə həmkarlar ittifaqının əhatə dairəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 2,5 dəfə (15 nəfərə qarşı 6 nəfər) azalıb. Respublika üzrə bu göstərici 42,8 faiz azalaraq 35 nəfərə qarşı 20 nəfər olub".