Ağır sənaye və maşınqayırmanın inkişafına dair tədbirlərin 44 faizinin icrası tamamlanıb


Digərləri 19 İyl 2018 14:55:00 302 0

Ağır sənaye və maşınqayırmanın inkişafına dair tədbirlərin 44 faizinin icrası tamamlanıb

"Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə ümumi icra səviyyəsi 68 faizdir.

Bakı. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə ümumi icra səviyyəsi 68 faizdir. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 44 faizinin icrası tamamlanıb, 47 faizi qismən icra edilib və 9 faizi isə icra edilməyib. Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı Faiq Qasımlı deyib. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə monitorinq və qiymətləndirmə barədə məlumat verən Faiq Qasımlı bildirib ki, adıçəkilən Strateji Yol Xəritəsi üzrə icra səviyyəsi ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sənayeləşmə siyasətinin uğurla davam etdiyini bir daha göstərib. Bu ilin ilk yarısında qeyri-neft sənayesinin 8,8 faiz artımı bunun əyani sübutudur. Diqqətə çatdırılıb ki, 2017-ci il ərzində ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin ilk hədəfi – mövcud aktivlərin optimallaşdırılması üzrə tam icra 52 faiz, qismən icra 48 faiz səviyyəsində təmin olunub. Bu hədəf üzrə məhsuldarlığın və səmərəliliyin artırılması, enerjidən istifadədə optimal səmərəliliyə nail olunması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. "Qənaətli istehsal metodları", "Qənaətli İstehsal Sisteminin alətləri", "Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması metodologiyası", "KOS (kiçik və orta sahibkarlıq) subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması metodologiyası" hazırlanıb. Bundan əlavə, metallurgiya, maşınqayırma və avtomobilqayırma sahələrində 3 müəssisə pilot model müəssisə kimi seçilib. Enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Sutkanın müxtəlif saatlarında elektrik enerjisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması məqsədilə dövlət müəssisələrinin və təbii ehtiyatların (resursların) siyahısı tərtib edilib.