Nardaran Bilik Evi gəncləri ziyalılarla bir araya gətirir (FOTO)


Digərləri 19 İyl 2018 14:10:00 311 0

Nardaran Bilik Evi gəncləri ziyalılarla bir araya gətirir (FOTO)

Bilik Fondunun yeni Bilik Evinin yaradılması üçün Nardaran qəsəbəsini seçməsi heç də təsadüfü deyil

Bakı. Adının mənası “Mərd insanların məskunlaşdığı məkan” olan Nardaran mədəniyyət nümunələrinin rəngarəngliyi və özünəməxsusluğu ilə fərqlənir. Azərbaycan Prezidenti yanında Bilik Fondunun yeni Bilik Evinin yaradılması üçün Nardaran qəsəbəsini seçməsi heç də təsadüfü deyil. Nardaran əsrlər boyu dini və dünyəvi elmlərə töhfələr gətirmiş Şеyx Rəsul Ağarəbi, Şеyх Əhməd, Qasım Məlikov, Kərbəlayi Nağdəli, Molla Hacıəli, Eynulla Cəbrayılov, Hacı Molla Şeyx Tuti, Həsən Seyidbəyli, Hacı Nurbala Rəhimov kimi tanınmış elm və mədəniyyət xadimlərinin doğulub boya-başa çatdığı qədim torpaqlardandır. Trend-in məlumatına görə, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin binasında yerləşən Nardaran Bilik Evi Azərbaycan Prezidenti yanında Bilik Fondu tərəfindən Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin təbliği, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında əhaliyə dolğun biliklərin çatdırılması, müstəqil və yaradıcı düşünə bilən vətəndaş və şəxsiyyət yetişdirmək, gənclərin peşə hazırlığını yüksəltmək, dünyagörüşlərini artırmalarına köməklik etmək, məşğulluğuna dəstək vermək məqsədi ilə 15 mart 2016-cı il tarixində yaradılıb. Elə həmin il mart ayının 30-da Nardaran qəsəbəsi, 295 nömrəli məktəb və Quba şəhər Texniki təmayüllü lisey arasında Azərbaycan Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İl boyu bilik” proqramı çərçivəsində “Qardaşlaşma haqqında” saziş imzalanıb. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək vermək, məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına köməklik göstərməkdir. Növbəti uğurlu layihələrdən biri də Bilik Fondu ilə Təhsil İnstitutunun birgə layihəsi əsasında Nardaran Bilik Evində müəllimlər üçün "Təhsilverənlərin peşəkar inkişafı və icma maarifçiliyi" mövzusunda təşkil olunmuş təlim kursları oldu. Təlim müddətində tədrisin planlaşdırılması, sinifdaxili proseslərin idarə olunması, məktəbdaxili qiymətləndirmə, mənəvi dəyərlərin aşılanması mövzularında fikir mübadiləsi aparılıb. 15 sentyabr Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib. Tanınmış ziyalılar – akademiklər, professorlar bölgələrdə, o cümlədən Nardaran qəsəbəsində məktəblilər və yerli sakinlərlə görüşüb, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti barədə ətraflı məlumat verilib.