İşğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçaları aşkar edildi FOTO


Digərləri 19 İyl 2018 10:48:00 291 0

İşğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçaları aşkar edildi  FOTO

Naxçıvan Dövlət Xalça Muzeyində "Azərxalça"nın hədiyyə etdiyi Günnüt xalçalarının təqdimatı olub.

Son.az xəbər verir ki, "Azərxalça"Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib: "Bu gün keçirilən tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalqdır. Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatlardır".

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, Neolit və Erkən Eneolit dövrlərində formalaşıb. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə Neolit dövründən məşğul olduğunu göstərir. Vaxtilə ölkəmizdə bu sahəyə lazımi diqqət yetirilməyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mədəni irsimizin qorunmasına və inkişafına diqqət və qayğı artırılıb. Nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə dövlət proqramının qəbul olunması muxtar respublikada bu sənətə göstərilən dövlət qayğısının nümunəsidir.

İ.Hacıyev muxtar respublikada xalçaçılıq sənətinin inkişafına göstərilən diqqətə görə elm adamları adından minnətdarlığını bildirib.

"Azərxalça" ASC İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək deyib: "Beş minillik şəhər mədəniyyətinə malik ulu Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya marafonuna zəngin tarixi töhfələr verib. Naxçıvan qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, müasir dövrdə həm də öz inkişafı ilə seçilən bir diyara çevrilib. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə muxtar respublikada nəhəng quruculuq işləri həyata keçirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə edilib. Bu qədim diyarımızda biz hər il yeni-yeni uğurların, böyük tarixi hadisələrin şahidi oluruq. 2018-ci il də mühüm tarixi hadisələrin baş verdiyi dövr kimi yadda qalacaq. Naxçıvan şəhəri slam mədəniyyətinin və gənclərin paytaxtı missiyasını uğurla davam etdirir. Bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Ümumqoşun Ordusunun Günnüt kəndini işğaldan azad etməsidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışın başlanğıcı aprel döyüşləri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı, davamı Günnütdür. Şübhəsiz ki, yaxın gələcəkdə şanlı Azərbaycan ordusu düşmən tapdağındakı digər torpaqlarımızı da işğaldan azad edəcək, qüdrətli dövlətimiz Günnütü də Cocuq Mərcanlı kimi ölkəmizin abad kəndlərindən birinə çevirəcəkdir. Günnüt əməliyyatı Naxçıvanda yaradılan güclü ordu birləşmələrinin zəfəridir. Bununla bir daha sübut olundu ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu nəinki muxtar respublikanın sərhədlərini qorumağa, eyni zamanda istənilən hərbi əməliyyatı uğurla yerinə yetirməyə qadirdir".

V.Muradov bildirib ki, Günnüt Azərbaycanın qədim yurd yerlərindən biridir. Tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar. Bunu son günlər aşkara çıxarılan Günnüt xalçaları da sübuta yetirir.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir. Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətində də axtarışlar aparırıq"-deyən İdarə Heyətinin sədri vurğulayıb ki, bu yaxınlarda aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır. Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib.

Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətindəki axtarışlarımız bizi bu dəfə Günnüt xalçalarına aparıb çıxardı.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş 6 ədəd xovlu və xovsuz xalça, xalça məmulatı aşkarlanıb. Bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Həmin xalçalar 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində toxunub. Xalçaların tarixi əhəmiyyətini nəzərə alaraq bu qiymətli nümunələrin Naxçıvan Dövlət Xalça Muzeyinə verilməsini məqsədəuyğun hesab etdik.

Qeyd olunub ki, "Azərxalça"nın aşkara çıxardığı Günnüt xalçalarının belə yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsi muxtar respublikada xalçaçılığa verilən önəmin nəticəsidir. Son illər Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan şəhərində Xalça Muzeyi yaradılıb, "Naxçıvan Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında xalça toxunması təşkil olunub, "Ənənəni qoruyaq, evdə xalça toxuyaq" adlı sosial layihə həyata keçirilib.


Xəbərə aid fotolar