Prezident: "İtaliya Azərbaycanın radikalizmdən doğan təhlükələrə qarşı gördüyü işləri dəstəkləyir"


Siyasət 18 İyl 2018 14:20:00 324 0

Prezident: "İtaliya Azərbaycanın radikalizmdən doğan təhlükələrə qarşı gördüyü işləri dəstəkləyir"

İtaliya Azərbaycanın radikalizmdən doğan təhlükələrə qarşı gördüyü işləri dəstəkləyir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

S.Mattarella qeyd edib ki, İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır: "Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir. Biz söhbətlərimiz zamanı eləcə də terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi apardıq və eyni fikirdəyik".

Prezident Azərbaycana səfəri zamanı iki ölkə arasənda strateji və kommersiya sahəsində əməkdaşlıq barədə də geniş fikir mübadiləsinin aparıldığını bildirib:

"Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir".