Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır


Digərləri 18 İyl 2018 10:31:00 364 0

Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır

Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır

Xəzər dənizinin mühafizə zolağındakı torpaqların monitorinqi aparılıb: hansı qanun pozuntuları aşkarlanıb Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, reydlər nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirilib. Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Belə ki, monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması aşkar edilib. Həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır. Monitorinqlər zamanı bəzi torpaq istifadəçiləri tərəfindən sənədlər təqdim olunmadığına görə Xəzəryanı rayon (şəhər) icra hakimiyyəti başçılarına sənədlərin əldə edilməsinə köməklik göstərilməsi barədə müraciətlər göndərilib. Həmin şəxslərə qarşı cərimələr tətbiq olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib. Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədilə 30 bildiriş (xəbərdarlıq) verilib, 23 hal üzrə sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə tərəfindən 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib.