"Prezidentin mətbuata yardımları sabitliyə və xalqın rifahına qoyulan unikal investisiya kimi də başa düşülməlidir"


Siyasət 18 İyl 2018 09:55:00 292 0

"Prezidentin mətbuata yardımları sabitliyə və xalqın rifahına qoyulan unikal investisiya kimi də başa düşülməlidir"

Azərbaycan Prezidentinin mətbuata yardımları sabitliyə və xalqın rifahına qoyulan unikal investisiya kimi də başa düşülməlidir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncamı mətbuata dəstəyin dövlətçilik siyasətinin fasiləsiz tərkib hissəsinə çevrildiyinə mübahisəsiz sübutdur:

"Müasir dünya dövlətçiliyində mətbuatla münasibətlərin müxtəlif modellərinə rast gəlinir. Onlar bəzən bir-birini təkrarlayır, bəzən azacıq islah olunmuş modellərə rast gəlinir, bəzi ölkələrdə isə ümumiyyətlə belə təcrübə yoxdur. Ancaq mətbuat-dövlət münasibətlərinin Azərbaycan modeli tamamilə orijinaldır. Azərbaycanda mətbuata dövlətin dəstəyi ilbəil təkmilləşərək artıq yeni formalar alan institut kimi formalaşıb. Ölkəmizdə illər öncə mətbuata dövlət dəstəyi modeli tətbiq olunanda reaksiyalar birmənalı olmadı. Azərbaycan şəraitində bunun ən pis və ziyanlı nəticələr verəcəyini inadla sübut etmək istəyənlər oldu. Tarix bütün nöqteyi-nəzərləri saf-çürük etdi. Bugünkü reallıq mətbuata dövlət dəstəyi nəzəriyyəsinin müəlliflərinin və ilk növbədə cənab Prezidentin nə qədər perspektivli yolda olduğunu sübut edir".

Baş redaktor bildirib ki, qlobal informasiya şəbəkəsinin bəzi mərkəzlərin əlində daxili işlərə təhlükəli müdaxilə silahına çevrilməsi son illərin dağıdıcı bir fenomeni kimi ortaya çıxdı:

"Yalnız bu məqamda Azərbaycan Prezidentinin milli dövlətçilik üçün bir sıra dağıdıcı təhlükələri öncədən görmək istedadı bir daha təsdiqləndi. Ölkəmizin sabit və təhlükəsiz məkana çevrilməsində mətbuata dövlət dəstəyi həlledici rola malik dahiyanə modeldir. Prezidentin məlum sərəncamı ilə bu kurs davam etdirildi. Maliyyə yardımı mətbuata dövlətçilik sisteminin önəmli hissəsi kimi baxılmasına bariz sübutdur. Məbləğindən asılı olmayaraq, mətbuata ayrılan yardımlar həm də sabitliyə və bütün xalqın rifahına qoyulan unikal investisiya kimi başa düşülməlidir".