Zoologiya İnstitutu: Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb (ÖZƏL)


Digərləri 18 İyl 2018 07:49:59 293 0

Zoologiya İnstitutu: Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb (ÖZƏL)

Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.

Bakı. İlhamə İsabalayeva – Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb. Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb. İnstitut direktoru ilanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur. Bununla bağlı araşdırmaların aparılmasını vacib sayan institut direktoru ilanların daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edildiyini də söyləyib. O qeyd edib ki, Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir: "Bunlar ərazi etibari ilə Qobustan-Abşerondan tutmuş Ağstafaya qədərdir. Kür boyunca yerləşən Salyan, Neftçala, Biləsuvar rayonlarında belə risklər var".