Dövlət vətəndaşları fəal prosesə cəlb edir


Digərləri 17 İyl 2018 22:24:00 223 0

Dövlət vətəndaşları fəal prosesə cəlb edir

"Vətəndaşların göndərdiyi şikayətlər əsasında ciddi tədbirlər görülsə, cəzalar verilsə, müsbət nəticələr meydana çıxacaq"

"Qida Təhlükəsizliyi Agentliyində (QTA) yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu QTA-nın sədri Qoşqar Təhməzli deyib. O, bu proqramın ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verildiyini bildirib: "Mobil dəstək proqramı ilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidə qida təhlükəsizliyinin pozuntusu halı ilə rastlaşarsa, bu barədə Agentliyə dərhal məlumat verə biləcəklər. Video və ya foto çəkib göndərdikləri zaman araşdırmadan sonra müvafiq tədbirlər görüləcək".

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bu, bir sıra ölkələrdə, həmçinin Avropada çox sıx tətbiq edilən modeldir: "Azərbaycanda bunun tətbiqi xeyli müddətdir təklif edilirdi. Bunun müstəqil şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Məsələn, Estoniyada bu cür fəaliyyətlər müstəqil qurumlar tərəfindən həyata keçirilir".

İqtisadçının sözlərinə görə, bu prosesdə vətəndaşların aktivliyi çox vacibdir: "Söhbət yalnız vaxtı keçmiş məhsullardan getmir. Bəzi hallarda saxlanma şəraiti yaxşı olmayan mağazalarda ərzaq məhsullarının satışı həyata keçirilir. Soyuducuda saxlanılmalı olan məhsullar soyuducuda saxlanılmır".

Ekspertin fikrincə, bu, istehlakçının nəzarətinin formalaşması anlamına gəlir: "İstehlakçının sahibkara nəzarətinin gücləndirilməsi baxımından vacibdir. Çünki istehlakçı hər hansı bir faktla bağlı müraciət edirsə, faktın araşdırılması, nəticələrinin də açıq şəkildə təqdimatı həyata keçiriləcək. Yəni portalda istehlakçının müraciəti, qarşılaşdığı problem və yekun qərar əksini tapacaq".

V.Bayramlı onu da əlavə edib ki, bu addım ictimai nəzarətin gücləndirilməsi baxımından da çox vacibdir: "Ümumiyyətlə Agentlik administrativ deyil, daha innovativ nəzarət mexanizmlərindən istifadə etməklə çatışmazlıqların aradan qaldırılmasına nail olmağa çalışmalıdır".