Prezident “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb


Siyasət 17 İyl 2018 18:20:20 265 0

Prezident “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb

Bu Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir

Prezident İlham Əliyev “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncam Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsinə əsasən təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirsin və “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; zərurət yarandığı təqdirdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanlarının (qurumlarının) da bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir.