Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır


Digərləri 17 İyl 2018 18:10:52 215 0

Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır

Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır.

Bakı. Elçin Mehdiyev - “Hər zaman müasir dövrün qlobal çağırışlarını əsas tutan Azərbaycan bu gün demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Bütün vətəndaşlar rahat şəkildə öz fikirlərini ifadə edə bilir, kütləvi informasiya vasitələri isə müstəqil şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur. Bu gün ölkəmizdə qeydiyyatdan keçən və fəaliyyət göstərən çoxlu sayda kütləvi informasiya vasitəsinin mövcudluğu bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olunduğunu nümayiş etdirir". Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır: “Dövlətimizin başçısı cənab İlham Əliyev KİV-in inkişafına, maddi-texniki bazasının möhkəmləndiriləməsinə hər zaman həssas yanaşır. Elə ötən gün möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manatın ayrılması dediklərimizin əyani sübutudur. Bu fakt bir daha onu göstərir ki, dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, cənab Prezidentimizin təşəbbüsü ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması artıq sistemli xarakter alıb. Öz növbəmizdə, bizə göstərilən maddi və mənəvi dəstəyə, diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.