“Azərbaycan Hava Yolları” nüfuzlu Skytrax mükafatına layiq görüldü


Digərləri 17 İyl 2018 17:14:00 275 0

“Azərbaycan Hava Yolları” nüfuzlu Skytrax mükafatına layiq görüldü

Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu onu göstərir ki, "Azərbaycan Hava Yolları" (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir. 

Bundan əlavə, AZAL aviaşirkəti "Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət" nominasiyasının qalibi olmuşdur. Azərbaycanın milli aviadaşıyıcısı Skytrax tərəfindən ilk dəfə belə yüksək ada layiq görülmüşdür.

Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda World Airline Awards rəsmi tədbirində keçirilmişdir.

"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov dedi: "Skytrax kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurvericidir və böyük şərəfdir. Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik".