Ekspert: "Putinlə Trampın görüşü Rusiya-ABŞ əlaqələrinin səviyyəsini yüksəldib"


Digərləri 17 İyl 2018 15:54:31 191 0

Ekspert: "Putinlə Trampın görüşü Rusiya-ABŞ əlaqələrinin səviyyəsini yüksəldib"

"İki ölkə arasındakı əlaqələr üçün bu görüş irəliyə doğru atılmış bir addım olub"

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında dünən Helsinkidə keçirilən görüşün əsas mövzusu Yaxın Şərqdəki vəziyyət və İranın Suriyada iştirakı olub.

Bu barədə "Report"a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov bildirib.

"Helsinkinin danışıqlar üçün məkan seçilməsi rəmzi idi, çünki burada daha əvvəl də böyük güclər arasında danışıqlar aparılıb. Özü də danışıqlar kifayət qədər müsbət xarakterli olub", - P.Klaçkov deyib.

Onun sözlərinə görə, çox güclü və ciddi "oyunçu"ların maneələr yaratmaq cəhdlərinə baxmayaraq, görüş uğurlu və layiqli şəkildə keçib.

Analitik qeyd edib ki, bu görüş son illərdə çox aşağı səviyyədə olan Rusiya-ABŞ münasibətlərinin səviyyəsini yüksəldib.

"Rusiya və ABŞ qlobal siyasətin real aktyorları və fəaliyyətdə olan simalarıdır. Onların liderləri görüşməyəndə bütün tərəflərdə problemlər yaranır. Belə görüş zərurətə çevrilmişdi", - ekspert əlavə edib.

O, iki ölkə arasındakı münasibətlər üçün bu görüşün irəliyə doğru atılmış addım olduğunu vurğulayıb: "Digər tərəfdən,"next levels bring new devils" kimi fikir var, yəni artıq ABŞ-ın daxili müxalifəti də bu münasibətləri gözdən salmaq cəhdləri edəcək. Lakin,fikrimcə, Tramp yenidən prezident seçilmək üçün mövqeyini gücləndirib, təbii ki, bunda bu görüşün də rolu var", - P.Klaçkov bildirib.

Danışıqların tematikası barədə danışan politoloq görüşün əsas müzakirə mövzusunun Yaxın Şərqdəki vəziyyət və ABŞ-ın Rusiya vasitəsilə İranın Suriyadakı iştirakına təsir göstərəcəyinə ümid etməsiylə əlaqədar "İran problemi" olduğunu vurğulayıb.

"Əlbəttə, İran mövqeyindən geri çəkilməyəcək və çəkilə də bilməz. Amma iranlı siyasətçilərin ambisiyalarını mülayimləşdirməklə Rusiya ABŞ-a kömək edə bilər. Nəzəri cəhətdən Rusiya ABŞ-a faydalı ola bilər, ona görə də bir ticarətçi, biznesmen kimi Tramp Putinə müraciət edərək İranı bir qədər də sıxacağına ümid edir. Hesab edirəm ki, müəyyən perspektivlər var, bu, alına bilər", - ekspert bildirib.

Ukrayna barədə danışan P.Klaçkov görüşdən sonra oradakı vəziyyətin daha xoş olacağına ümid etdiyini vurğulayıb: "Əlbəttə, ABŞ-da bəzi oyunçular, o cümlədən daxili oyunçular Trampın mövqeyini bölüşmürlər. Onlar prezidentə qarşı baş qaldıra, hətta beynəlxalq arenada ona qarşı hər hansı təxribat hazırlaya bilərlər. Ona görə də indi danışıqlar çərçivəsində hərəkət etmək və belə təxribatların qarşısını almaq çox vacibdir".