Bakı şəhərinin baş planı hazırlanır


Digərləri 17 İyl 2018 15:58:00 296 0

Bakı şəhərinin baş planı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə start verir.

Son.az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə "Böyük Üçlük" adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - "The Boston Consulting Group" ("Boston Konsaltinq Qrup") şirkətini cəlb edir.

1963-cü ildə yaradılmış "The Boston Consulting Group" şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkəsi vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. "The Boston Consulting Group" şirkəti ən iri konsaltinq şirkətlərindən biri olmaqla yanaşı, həm də şəhərlərin zonalaşdırılması və inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir və son 5 il ərzində dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib. Bu nüfuzlu məsləhətçi şirkəti tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "The Boston Consulting Group" şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı" və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək.