Nazirliyin keçirdiyi imtahanda səhv suallar olub


Digərləri 17 İyl 2018 14:48:00 255 0

Nazirliyin keçirdiyi imtahanda səhv suallar olub

Xəbər verdiyimiz kimi, dünən ümumi təhsil müəssisələrinə Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqənin test mərhələsinə start verilib. İlk gün 4 mindən çox namizədin iştirak etdiyi imtahanda müəllimlər ibtidai sinif fənni üzrə test tapşırıqlarını həll edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, imtahandan sonra bir çox müəllim sosial şəbəkələrdə test suallarının cavablarında yalnışlıq olduğundan, bəzi suallarda isə doğru cavabın göstərilmədiyindən gileylənib. Bildiriblər ki, bu kimi səhv test tapşırıqları xeyli zamanlarının boşa getməsinə səbəb olub.

Daha bir məqam isə ondan ibarətdir ki, sonradan sualların doğru cavabları təqdim olunmadığından müəllimlər səhv olduğunu güman etdikləri sualların nəticələrindən xəbərsiz qalır.

Təhsil eksperti Kamran Əsədov da sosial şəbəkədə müəllimlərin iradlarının haqlı olduğunu vurğulayıb. Qeyd edib ki, şikayətlər çox olsa da, heç bir qurum bu narazılıqlara cavab vermək istəmir:

"Elə imtahan başlayan kimi təqdim edilmiş test tapşırıqlarında səhvlər və qüsurlar ortaya çıxmağa başladı. Bununla bağlı mənə də bir neçə test tapşırığı nümunəsi göndərilib. Təhsil Nazirliyi iştirakçılara sonradan test tapşırıqlarını təqdim etmir ki, iddiaçı həm səhv etdiyi suallara aydınlıq gətirsin, həm də əlində fakt olsun. 

İkinci çatışmazlıq odur ki, imtahan iştirakçıları test tapşırıqları ilə bağlı şikayət, irad və etirazlarını bildirmək üçün bir qurum tapa bilmirlər.

Sualların məzmunu ilə bağlı şikayət etmək istəyən imtahan iştirakçıları nazirliyə müraciət ediblər. Nazirlik isə Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutuna yönləndirib. Onlar da cavabdeh olmadıqlarını bildiriblər. Son ümid yeri olaraq isə sosial şəbəkələr qalıb".